Türk Dövlətləri Təşkilatının məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb


Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb. SİA xəbər verir ki, iclas çərçivəsində Gənc Ailə Forumunun açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, ailə anlayışı türk coğrafiyasında sədaqət və fədakarlığın simvoludur.

Onun sözlərinə görə, Qarabağ Zəfərindən sonra 2615 ailə, yəni, 10 min 233 vətəndaş işğaldan azad edilmiş ərazilərə köçürülüb. 2026-cı ilin sonuna qədər 34 min 500 ailənin, o cümlədən 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub.

B.Muradova qeyd edib ki, gənc ailələrin ortaq dəyərlər üzərində dialoq aparmaları üçün bu forum unikal platformadır.

“Ailə təməllərini möhkəmləndirmək üçün erkən evliliklər, boşanmalar və digər məsələlər ilə bağlı mexanizmlərimizi möhkəmləndirməliyik. Dəyərlərimizə yad olan məsələlərin cəmiyyətimizə inteqrasiyasının qarşısını almalıyıq”, – deyə komitə sədri bildirib. Daha sonra iclas çərçivəsində nazirlərin görüşü baş tutub.

Görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türk dövlətlərinin yaşıl iqtisadiyyat, turizm, təhlükəsizlik, ekoloji layihələr və bir çox digər sahədə birgə fəaliyyətlərini genişləndirməyin vacib olduğuna diqqət çəkib. Baş katib bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin bölgəmizin davamlı inkişafı və rifahı baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

O qeyd edib ki, bu əməkdaşlığın əsasında duran dəyərlərdən biri də ailə institutuna verilən önəmdir. Türk dünyasında ailə hər zaman müqəddəs hesab olunub. Nəsillər boyunca yaşlı insanlara hörmət, ailədaxili həmrəylik və qarşılıqlı məsuliyyət türk dövlətlərinə miras qalan ən ali dəyərlərdəndir. Müasir çağırışlar fonunda bu anlayışı qorumaq və gələcək nəsillərə ötürmək isə əsas vəzifələrdən biridir.

“Bugünkü tədbir bu sahədəki sosial gündəliyimizin və birgə öhdəliklərimizin təsdiqidir. Ötən il Türkiyədə keçirilən görüşdən bu günə qədər sosial siyasət sahəsində xeyli irəliləyiş əldə olunub. Əhəmiyyətli nəticələrə imza atmışıq. Lakin etiraf etməliyik ki, bəzi icra məsələləri hələ də tam həllini tapmayıb. Əminəm ki, bu görüşdən sonra qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha sistemli və intensiv fəaliyyətlər həyata keçiriləcək”, – deyə Baş katib vurğulayıb.

Türkiyə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qadınların sosial proseslərdə fəal iştirakının müasir dövrün əsas çağırışlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, qadınların sahib olduqları bilik, bacarıq və liderlik keyfiyyətləri bu gün regional və qlobal miqyasda ümidverici həllərin ortaya çıxmasına səbəb olur. Beynəlxalq səviyyədə qadın liderlərin ön plana çıxdığını müşahidə edirik. Qadınlar, sadəcə, ailənin deyil, eyni zamanda, cəmiyyətin dayanıqlılığını təmin edən güc mənbəyidir. Tarix boyu qadınlar dövlət idarəçiliyində, ictimai həmrəylikdə və strateji qərarların verilməsində önəmli mövqelərdə təmsil olunublar.

Türkiyəli nazir, həmçinin qeyd edib ki, Türkiyə həmin yanaşmanı əsas tutaraq qadınların həyatın bütün sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görür. Qanunvericilik baxımından qadın və kişi hüquqları bərabərlik prinsipi əsasında tənzimlənib. Eyni zamanda, qız uşaqlarının təhsilə cəlb olunması və qadınların bilik səviyyəsinin artırılması istiqamətində ciddi işlər aparılır.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik və Ailə İşləri Komitəsinin sədri Kayrat Kambarov Türk dövlətləri olaraq bizi birləşdirən dərin mənəvi köklərin, ortaq tarix və ailə dəyərlərinin bu gün də fəaliyyətimizin əsasını təşkil etdiyinə diqqət çəkib.

O qeyd edib ki, qadınlara hər sahədə dəstək vermək cəmiyyətin sağlam inkişafının ayrılmaz hissəsidir. Qadınlar yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin 51 faizini təşkil edirlər. Onların sosial, iqtisadi və siyasi həyatda fəal iştirakı gələcəyimiz üçün son dərəcə vacibdir.

“Qazaxıstanda ailə institutunun möhkəmləndirilməsi məqsədilə 2028-ci ilədək icra olunacaq yeni layihə artıq hazırlanıb və icraya başlanılıb. Bu yolla həm ailə institutunu möhkəmləndirmək, həm də qadınların və gənclərin rifahını təmin etmək hədəflənir. Əminəm ki, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə atdığı addımlar ortaq gələcəyimizə xidmət edəcək və xalqlarımız arasında həmrəyliyi daha da möhkəmləndirəcək”, – deyən Kayrat Kambarov sonda Türk dünyasının ortaq dəyərlərini yaşadan və bu tədbirə ev sahibliyi edən Azərbaycana təşəkkür edib.

Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova bildirib ki, qadınların inkişafı və sosial siyasətdə inklüziv yanaşmalar prioritet hədəflərimizdəndir.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində də mühüm nailiyyətlər qazanılıb. Konvensiya və müvafiq hüquqi sənədlər çərçivəsində bu qrup üçün imkanların genişləndirilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və onların ictimai həyatda iştirakçılığının artırılması istiqamətində sistemli addımlar atılır.

Nazir müavini, həmçinin qadın sahibkarlığının inkişafı, məişət zorakılığına qarşı mübarizə, genderə həssas büdcə planlaşdırılması və qadınların peşəkar inkişafı sahələrində görülən işlərə də diqqət çəkib. O, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini qeyd edərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkdilli Qadın Platformasının yaradılmasını təklif edib. “Bu platforma qadınların səsi, həmrəyliyin gücü və regional əməkdaşlığın möhkəmləndirilməsi üçün strateji alətə çevrilə bilər”, – deyə Kıyal Januzakova vurğulayıb.

Özbəkistanın əmək və yoxsulluğun azaldılması naziri Rano Turdiboeva qeyd edib ki, qadınlar tarixən ailə ocağının təməlini formalaşdıran, onu qoruyan və gələcəyə daşıyan əsas sütunlardan biri olub. Müasir dövrdə isə qadınların rolu yalnız ailə ilə məhdudlaşmır, onlar cəmiyyətin hər bir sahəsində, xüsusilə idarəetmədə və ictimai həyatda fəal şəkildə təmsil olunurlar.

“Bu sahədə hüquqi baza mütləq şəkildə işlənib hazırlanmalı və praktik tətbiqi təmin edilməlidir. Özbəkistanda bu istiqamətdə artıq dövlət büdcəsindən vəsait ayrılıb, müvafiq komitələr yaradılıb. Bu strukturlar gender bərabərliyinin təmin olunması, qadınların hüquqlarının müdafiəsi və sosial rifahının artırılması üçün mühüm işlər həyata keçirirlər”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, qadınların təhsili və maarifləndirilməsi bu istiqamətdə ən güclü vasitələrdən biridir. Qadınların bilik və bacarıqlarının artırılması yalnız onların şəxsi inkişafına deyil, bütövlükdə cəmiyyətin tərəqqisinə xidmət edir.

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov öz çıxışında ailə və sosial siyasət sahəsində görülən işlər, qadınların cəmiyyətdəki rolu və sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verib. “Bərabərhüquqlu cəmiyyət quruculuğu bizim üçün əsas prioritetlərdəndir. Türkmənistanda qadınlar tamhüquqlu fərdlər kimi cəmiyyətin bütün sahələrində, iqtisadiyyat, siyasət, ictimai həyat və humanitar sahələrdə fəal iştirak edirlər. Bu, dövlətimizin gender bərabərliyinə verdiyi önəmin və ailə institutuna göstərdiyi diqqətin göstəricisidir”, – deyə Halbibi Taçjanov vurğulayıb.

O qeyd edib ki, qadınlara kişilərlə bərabər iş imkanlarının yaradılması, peşə hazırlığı və karyera inkişafı üçün bərabər şəraitin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qadınlar sahibkarlıq fəaliyyətində kişilərlə eyni hüquqlara malikdirlər və peşəkar məsuliyyətləri uğurla yerinə yetirirlər.

Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu isə qeyd edib ki, Azərbaycanda keçirilən bu iclas, qadınların və ümumilikdə cəmiyyətin gələcəyi üçün əməkdaşlıq və həmrəylik içində çalışdığımızın bariz nümunəsidir.

“İnanırıq ki, qadınların cəmiyyətdəki yerini gücləndirmək, təkcə gender bərabərliyi məsələsi deyil, gələcəyimizin quruluşudur. Qadınların daha aktiv, daha güclü, daha görünən olduğu gələcək daha ədalətli, daha inkişaf etmiş və daha dayanıqlı olacaq. Biz qadınların təhsilini dəstəkləməyə, onların sahibkarlıq təşəbbüslərini və siyasi həyatda iştirakını təşviq etməyə qətiyyətlə sadiqik. Bu istiqamətdə atılacaq hər addım, təkcə qadınların deyil, bütün toplumların rifahına və inkişafına xidmət edəcək”, – deyə nazir bildirib.

Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının yekununda Kommunike qəbul olunub.

Sonda təşkilata üzv dövlətlərin nümayəndələri tərəfindən Türk dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib.

Əlaqəli Xəbərlər