Bu gün “SSAL-2” MMC şirkətinin əməkdaşları Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə SƏS Media Qrupunun ofisində olublar. SİA xəbər verir ki, redaksiyada təşkil olunan görüşdə SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, “SSAL-2” MMC-nin təsisçisi və direktoru Mirsədi Seyidov, şirkətin nümayəndələri və media qrupun əməkdaşları iştirak ediblər.
SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycan mediası 150 il yaşayıb, mübarizə aparıb və bu gün dünyanın ən layiqli, ən yaxşı nümunələrindəndir. Mətbuatımızın keçdiyi keçməkeşli, ağır, rəngarəng yola nəzər salan baş redaktor müqayisələr apararaq Azərbaycan mediasının hansı nöqtədən başlayıb, hansı çətin yollarla, hansı yerə qədər gəldiyi tarixin pillələrinə diqqət çəkib.
Media Qrupunun rəhbəri diqqətə çatdırıb ki, “Səs” qəzeti yarandığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb: “Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında “Səs” İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün “Səs” İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır”.
“SSAL-2” MMC-nin təsisçisi və direktoru Mirsədi Seyidov əvvəlcə şirkət haqqında media nümayəndələrinə ətraflı məlumat verib. Qeyd olunub ki, ”SSAL-2” Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cu ildə təsis edilmişdir. ”SSAL-2” MMC yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, elektrik avadanlıqlarının quraşdırılması və təchizatı fəaliyyətlərini ən yüksək səviyyədə yerinə yetirən enerji şirkətidir. Generatorların quraşdırılması və servis xidmətlərinin göstərilməsi yönündə yetərincə təcrübəyə malikdir. Bununla bərabər daxili və xarici elektrik xətlərinin çəkilməsi, layihələndirilməsi işləri də şirkətin əsəs fəaliyyət istiqamətlərindəndir.
MMC-nin təsisçisi və direktoru daha sonra bildirib ki, 150 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Azərbaycanın müstəqillik tarixində qonağı olduğumuz “Səs” qəzetinin də özünəməxsus yeri var. Belə ki, ölkəmizin ağır günlərində, yəni 90-cı illərin əvvələrində “Səs” qəzeti Ulu Öndərimiz Heydər Əliyevlə xalqın təmasını yaradıb və xalqın sevgisini ona çatdırıb.
“SSAL-2” MMC tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Mirsədi Seyidov Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı qələbəsini, xalq-ordu birliyini, eyni zamanda ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətraflı işıqlandırdıqlarını qeyd edib.
SƏS Media Qrupunun əməkdaşları da öz növbəsində Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində onlara və redaksiyaya göstərdiyi diqqət və qayğıya görə “SSAL-2” MMC-nin təmsilçisi Mirsədi Seyidova minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda media nümayəndələrinə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.