İyunun 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və Milli Qurtuluş Gününə dair videoçarx nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Milli Qurtuluş Gününün Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, həmin gün Azərbaycanın parçalanmaq təhlükəsindən qorunması və vətəndaş qarşıdurmasının qarşısının alınması baxımından böyük önəm daşıyır.
Muxtar Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurları, o cümlədən Qarabağın azad olunmasını və COP29-dakı nailiyyətləri xüsusilə qeyd edib.
Milli Qurtuluş Gününün müstəqilliyimizin möhkəmlənməsi və sülhün təmin olunması baxımından əhəmiyyətini vurğulayan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi nəticəsində ölkəmiz davamlı inkişaf yolunda irəliləyir və tarixi nailiyyətlər əldə edir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını və bu dönüşün ölkə tarixi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, həmin dövr ölkəmiz üçün çətin sınaq və mübarizə dövrü olsa da, Ulu Öndərin yorulmaz fəaliyyəti ilə iqtisadi-siyasi inkişafın əsasları qoyulub.
Deputat çıxışında Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli tərəqqi yoluna daxil olduğunu və ordumuzun dünyaya nümunə olan gücə çevrildiyini diqqətə çatdırıb.
Sonra Səbail rayon Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə fəxri fərman və üzvlük vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.