Kartdan karta pul atmaq qanuni yoldurmu?


“Kartdan karta pul köçürmək əməliyyatı Azərbaycan Respublikasının mövcud qanunvericiliyi çərçivəsində hüquqi statusa malik olan və fiziki şəxslər arasında geniş tətbiq edilən bir ödəniş formasıdır. Bununla belə, pərakəndə ticarət və ictimai iaşə sektorlarında bu üsulun ödəniş vasitəsi kimi yeganə forma olaraq tətbiqi hüquqi pozuntu kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib.

Onun sözlərinə görə, belə hallarda ödənişi həyata keçirən istehlakçıya kassa çeki və ya POS-terminaldan çıxarış təqdim olunmaması səbəbindən həmin alıcının malın geri qaytarılması, zəmanət hüququnun təmin olunması və yaxud ƏDV-nin geri alınması imkanları ciddi şəkildə məhdudlaşır: “Qanunvericiliyə əsasən, bu cür ödəniş üsullarını tətbiq edən sahibkarlıq subyektlərinə qarşı Dövlət Vergi Xidməti tərəfindən inzibati sanksiyalar nəzərdə tutulur. Belə ki, pozuntu halları təkrarlandıqca tətbiq edilən cərimələrin məbləği artan dinamika üzrə tənzimlənir: ilk pozuntu halında 1.000 manat, ikinci dəfə 3.000 manat, növbəti hallarda isə 6.000 manat cərimə tətbiq olunur.

Müvafiq praktikanın tətbiqi həm istehlakçılar, həm də dövlət üçün bir sıra risklər yaradır. Birincisi, istehlakçının hüquqi müdafiə imkanları zəifləyir; kassa sənədlərinin olmaması səbəbindən alqı-satqı faktının sübut olunması çətinləşir. İkincisi, ƏDV-nin geri alınması mexanizminin və banklar tərəfindən təqdim olunan stimullaşdırıcı proqramların – məsələn, bonus və ya cashback xidmətlərinin – tətbiqi mümkünsüzləşir. Üçüncüsü, bu cür qeyri-rəsmi ödəniş üsulu sahibkar tərəfindən vergi öhdəliklərinin gizlədilməsi və vergidən yayınma halları ilə nəticələnə bilər ki, bu da maliyyə şəffaflığının pozulmasına səbəb olur. Dördüncüsü, kartdan karta ödənişlərdə kibertəhlükəsizlik baxımından risklər mövcuddur; çünki bu əməliyyatlar zamanı kart məlumatlarının qorunması səviyyəsi daha aşağı olur və məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi ehtimalı artır”.

Ekspert həmçinin bildirib ki, bu risklərin minimuma endirilməsi məqsədilə istehlakçılara bir sıra preventiv tədbirlərin görülməsi tövsiyə edilir: “Belə ki, mal və ya xidmətlərin ödənişi zamanı POS-terminal vasitəsilə rəsmi şəkildə ödəniş edilməli, ödənişi təsdiq edən çek və ya çıxarış tələb olunmalı, qeyri-qanuni ödəniş tələbləri ilə rastlaşıldıqda isə aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməlidir. Həmçinin, fərdi maliyyə təhlükəsizliyinin təmin olunması baxımından kart məlumatlarının yalnız etibarlı mənbələrdə və təhlükəsiz platformalarda paylaşılması zəruridir.

Yekun olaraq qeyd etmək olar ki, kartdan karta pul köçürmələri hüquqi baxımdan məqbul olsa da, bu üsulun pərakəndə ticarət və iaşə obyektlərində yeganə ödəniş forması kimi tətbiqi qanunvericiliyin tələblərinə ziddir və həm istehlakçı hüquqlarının pozulması, həm də fiskal şəffaflığın zəifləməsi baxımından ciddi fəsadlara yol aça bilər”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər