Fransada kiçik təyyarə qəzaya uğrayıb


Fransanın İzer departamentinin Vif kommunasında qəzaya uğramış turist təyyarəsinin qalıqları tapılıb.

SİA xəbər verir ki, kiçik təyyarə Qrenobl yaxınlığındakı Versud aerodromundan bir nəfərlə havaya qalxıb. İzer prefekturası mətbuata açıqlamada bildirib ki, təyyarənin qalıqları, eləcə də cəsəd tapılıb, ancaq cəsədin kimliyi hələ müəyyən edilməyib.

“Təyyarə çərşənbə günü günortadan sonra Versud helikopter bazasından havaya qalxıb və günün sonuna qədər geri qayıtmalı idi. Təyyarə geri qayıtmadığı üçün cümə axşamı səhər saat 9:30-da xəbərdarlıq edilib”,- deyə prefektura izah edib.

“ICI Isere” radiosunun məlumatına görə, təyyarədə tək olan pilot həmin gün Fransanın cənubuna gediş-gəliş etməyi planlaşdırıb. Bildirilib ki, meşəlik ərazidə Vif kommunasının yüksəkliklərində təyyarə qalıqlarının olması barədə təcili yardım xidmətlərinə xəbərdarlıq edilib.

Prefektura qeyd edir ki, insidentin səbəblərini müəyyənləşdirmək üçün istintaq başlayıb və araşdırmalar davam edir.

Əlaqəli Xəbərlər