ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli üçün bütün mümkün variantları nəzərdən keçirir, bu məqsədlə Konqresdən ona daha çox səlahiyyət verməsini xahiş edir, eyni zamanda Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbulunun gözlənilməz nəticələrinin nəzərə alınmasını istəyir. SİA xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bəyan edib.
“İqtisadi təsir alətləri administrasiyanın münaqişəni dayandırmaq strategiyasının mühüm hissəsi olaraq qalır. Bütün variantlar nəzərdən keçirilir. Maliyyə Nazirliyi Ukraynada davamlı və uzunmüddətli sülhün əldə olunmasına töhfə vermək üçün tədbirlər görməyə hazırdır. ABŞ-ın Rusiyaya qarşı qüvvədə olan sanksiyaları və ixrac nəzarəti tədbirləri qüvvədə qalır və icra olunmağa davam edir. Mən Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsindən xəbərdaram. Konqresi administrasiyanı münaqişənin həlli üzrə dəstəkləməyə çağırıram. Gözlənilməz nəticələri unutmamalıyıq”, – deyə nazir qeyd edib.