Bakıda “Özbəkistan”, Daşkənddə isə “Azərbaycan” parklarının salınması planlaşdırılır. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş “Azərbaycan – Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” panel sessiyasında bildirib.
“Bu parklar xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevriləcək. İyunun əvvəlində Daşkəndin meri, eyni zamanda mənim yaxın dostum cənab Şavkat Umurzakov Bakıda işgüzar səfərdə idi. Səfər çərçivəsində paytaxtın Ağ Şəhər ərazisində “Özbəkistan” parkının inşa ediləcəyi əraziyə baxış keçirildi. Buna cavab olaraq, bu ayın sonunda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri planlaşdırılır. Həmin səfər zamanı da “Azərbaycan” parkının salınacağı əraziyə baxış keçiriləcək. Bu, iki paytaxt arasında canlı mədəni körpü olacaq”, – deyə o qeyd edib.