Azərbaycan və Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq çərçivəsində bu ölkənin Çarvaq su anbarının sahilində “Sea Breeze Uzbekistan” turizm kompleksi yaradılması üzərində iş aparılır. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş “Azərbaycan – Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” panel sessiyasında bildirib.
Onun sözlərinə görə, layihənin icrası üçün artıq təxminən 600 hektar torpaq sahəsi ayrılıb.
“Bu ilin aprel ayında layihənin baş planı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub”, – deyə icraçı direktor qeyd edib.
Bundan başqa, o əlavə edib ki, Daşkənddə “Agalarov Development” şirkəti premium seqmentə aid yaşayış kompleksinin inşasına başlayıb.
“Bu layihələrin Özbəkistanda turizm və yaşayış infrastrukturunun inkişafına mühüm töhfə verəcəyinə inanırıq. Azərbaycanın aparıcı layihələrdən biri Daşkənddə beşulduzlu “Ritz-Carlton” otelinin tikintisidir. Hazırda tikinti işləri aktiv şəkildə davam edir. Ümumi investisiya dəyəri təxminən 200 milyon ABŞ dollarıdır”, – deyə Y.Abdullayev vurğulayıb.