Ərzurum Ticarət və Sənaye Palatasının (ETSO) binasında Azərbaycanın investisiya mühiti və iqtisadi imkanları mövzusunda müzakirələr keçirilib. SİA xəbər verir ki, Azərbaycan Konstitusiyası və Suverenliyi İli çərçivəsində təşkil olunan tədbir ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyinin təşəbbüsü ilə reallaşıb.
Müzakirələrdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Ərzurum valisinin köməkçisi Berk Çelik, ETSO İdarə Heyətinin sədri Samin Özkalın, Ərzurum Böyükşəhər Bələdiyyəsinin baş katibi Murat Adtundağ, sahibkarlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Tamerlan Tağıyev Türkiyənin müxtəlif bölgələrindən olan investorlarla keçirilmiş çoxsaylı görüşlər barədə məlumat verib. O, Ərzurum vilayətinin Azərbaycanla tarixi və mədəni bağlarına diqqət çəkərək bu əlaqələrin geniş iqtisadi əməkdaşlıq üçün zəmin yaratdığını bildirib.
Onun sözlərinə görə, Ərzurum aqrar sektor, logistika, energetika və digər sahələrdə əhəmiyyətli potensiala malikdir. T.Tağıyev Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu layihələrinin uğurla reallaşdığını xatırladıb və bu nəqliyyat marşrutlarının bölgənin iqtisadi əhəmiyyətini artırdığını vurğulayıb.
“Azərbaycanda fəaliyyət göstərmək istəyən hər bir investora lazımi dəstək göstərməyə hazırıq”, – deyə T.Tağıyev əlavə edib. O bildirib ki, təkcə son iki ildə Ticarət Nümayəndəliyinin xətti ilə Türkiyədən Azərbaycana 20-dən çox investor səfəri təşkil olunub, dövlət qurumları ilə görüşlər keçirilib və sahibkarların işini asanlaşdırmaq üçün mühüm addımlar atılıb.
Azərbaycanın Qarsdakı baş konsulu Zəmin Əliyev də çıxışında türkiyəli investorları ölkəmizə aktiv sərmayə yatırmağa çağırıb. O, Azərbaycanın dövlətçiliyinin formalaşması və möhkəmlənməsi mərhələlərindən, eləcə də 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən söz açıb.
Z.Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları fonunda Azərbaycan–Türkiyə münasibətləri uğurla inkişaf edir.
“İki qardaş ölkə arasındakı əməkdaşlıq beynəlxalq aləmdə bənzəri olmayan səviyyəyə çatıb. Lakin bu, əldə olunanlarla kifayətlənmək demək deyil, əlaqələrin daha da dərinləşdirilməsi üçün zəruri addımlar atılmalıdır”, – deyə Z.Əliyev bildirib.
ETSO İdarə Heyətinin sədri Samin Özkalın isə Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin statistik göstəricilərini diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın prioritet istiqamətlərindən danışıb. O, Ərzurumu Türkiyənin Cənubi Qafqaza açılan “strateji qapılarından biri” adlandırıb.
“Ərazi baxımından Ərzurum Türkiyənin ən böyük vilayətlərindən biridir. Burada 745 min nəfər yaşayır, iki universitet, çoxsaylı sənaye müəssisələri və ticarət şirkətləri fəaliyyət göstərir”, – deyə S.Özkalın bildirib. O, Zəngəzur dəhlizinin açılması ilə Ərzurum, Qars və İğdır kimi vilayətlərdə iqtisadi fəallığın artacağına əminliyini ifadə edib.
Tədbirin sonunda Azərbaycan və Ərzurumla bağlı video təqdimatlar nümayiş olunub. Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev ölkəmizin investisiya imkanları haqqında məlumat verib və investorların suallarını cavablandırıb.