Fransa məhkəməsi Azərbaycan səfirliyinə hücumla bağlı apellyasiya şikayətinə baxacaq


Paris Apellyasiya Məhkəməsi bu il iyunun 10-da 2022-ci ilin sentyabrında Fransada Azərbaycan səfirliyinə edilən hücumla bağlı işə baxacaq. Qatı ermənipərəst fəallar tərəfindən təşkil edilmiş bu hadisə geniş beynəlxalq rezonans doğurmuşdu. SİA xəbər verir ki, bu iş Fransada diplomatik müəssisəyə hücumun Ermənistan-Azərbaycan münaqişəsi kontekstində nəzərdən keçirildiyi ilk iş olub.

Azərbaycanın diplomatik missiyasına hücumda əsas təqsirləndirilən şəxs – erməni “Charjoum” hərəkatının üzvü Loris Tufanyan video yazılar və şahid ifadələri əsasında müəyyən edilib.

Paris məhkəməsi 23 iyun 2023-cü il tarixli qərarı ilə L.Tufanyanı şərti olaraq altı ay müddətinə azadlıqdan məhrum və cərimə olunması barədə qərar çıxarıb.

Lakin indi iş Apellyasiya Məhkəməsinə göndərilib.

Apellyasiya məhkəməsində Azərbaycanın maraqlarını vəkil Edmon Verdye təmsil edir.

E.Verdye vurğulayıb ki, bu prosesdə təkcə dövlət və ya onun nümayəndələri müdafiə olunmur: “Biz beynəlxalq hüququn əsaslarını, diplomatik suverenliyi və xalqlar arasında sülh şəraitində birgə yaşayışı müdafiə edirik”.

Ekspertlərin fikrincə, məhkəmənin qərarı diplomatik missiyaların təcavüzdən qorunması üzrə beynəlxalq hüquqi təcrübədə presedent yarada bilər.

Əlaqəli Xəbərlər