“Tətildən sonra bəzi insanlar üçün işə adaptasiya prosesi müəyyən çətinliklər yarada bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, bu, əsasən psixoloji baxımdan daha həssas insanlara aiddir. Xüsusilə də “tükənmişlik sindromu”ndan əziyyət çəkənlər və ya işdən əlavə şəxsi qayğıları olanlar bu çətinliyi daha çox hiss edirlər: “Belə insanlar üçün işin yaratdığı psixoloji və fiziki yük istirahətdən sonra daha aydın hiss olunur və onlar tətildən qayıtdıqda özlərini daha aqressiv, yorğun və ya motivasiyasız hiss edə bilirlər. Əslində, hər kəs öz xarakterini və imkanlarını bilməlidir. İnsan çətin vəziyyətlərdə hansı davranışın ona daha uyğun olduğunu və necə davranmalı olduğunu özü müəyyən etməlidir. Əgər bunu indiyə qədər etməyibsə, özünü tanımağa başlamalıdır. Çünki bütün psixoloji problemlərin və adaptasiya çətinliklərinin kökündə insanın özünü tanımaması və nə istədiyini bilməməsi durur. İnsan anlamalıdır ki, ona nə yaxşı, nə pis təsir edir, onun üçün nə önəmlidir, nə isə sadəcə ikinci dərəcəlidir. Bu kimi fərqləndirmələri apardıqda adaptasiya prosesi daha asanlaşır.
Özünü tanıyan şəxs problemləri daha tez anlayır, daha tez həll yolları tapır və vəziyyətə uyğun davranmağı bacarır. Bəzən insanlar hər şeyi maksimal səviyyədə düşünürlər və bu, onlarda əlavə stres yaradır. Halbuki problemlərə daha realist, sakit və soyuqqanlı yanaşdıqda onların həlli də daha asan olur. Həll yolu tapılmayan problemə qarşı aqressiv yanaşmaq və emosional reaksiya göstərmək, əksinə, problemi daha da ağırlaşdırır. Nəticə olaraq demək olar ki, istənilən problemin həllində əsas xətt soyuqqanlılıq və emosional tarazlıqdır. İnsan bu xüsusiyyətləri inkişaf etdirdikdə, həyatın müxtəlif mərhələlərində, o cümlədən tətildən sonrakı adaptasiya prosesində də özünü daha güclü və dayanıqlı hiss edəcəkdir”.
Müəllif: Günel Fərzəliyeva