“Səyahət sığortası azad və könüllü sigorta növüdür”


“Qanunvericilikdə “səyahət sığortası” ayrıca sığorta növü kimi ayrıca qeyd olunmasa da, bu sığorta fiziki şəxslərin şəxsi sığortası kateqoriyasına daxildir”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.

Onun sözlərinə görə, bu da o deməkdir ki, səyahət sığortası insanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və sosial təminatı ilə bağlı əmlak mənafelərini qorumağa yönələn sığorta növüdür: “Siz başqa ölkəyə və ya şəhərə səfər edərkən, qəfil xəstəlik, qəza, bagaj itməsi, hüquqi problemlər və digər gözlənilməz hallarla üzləşə bilərsiniz. Bu kimi hallarda səyahət sığortası sizin maliyyə və hüquqi təhlükəsizliyinizi təmin edir.

Hüquqi əsas və azadlıq

Səyahət sığortası tam könüllü və azad bir sığorta növüdür. Yəni bu sığortanı istənilən şəxs sərbəst şəkildə, öz istəyinə əsasən bağlaya bilər. Heç kimə məcbur deyil, amma bir çox hallarda, xüsusilə vizalar üçün bu sığorta tələb olunur.

Səyahət sığortası ilə bağlı hüquqi münasibətlər əsasən “İcbari Sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarla tənzimlənir. Bu qanunlar çərçivəsində tərəflərin hüquqları, vəzifələri və sığorta təminatının hədləri müəyyən olunur.

Səyahət sığortası sadəcə bir kağız parçası deyil. Bu, gözlənilməz risklər qarşısında sizin təhlükəsizliyinizin hüquqi təminatıdır. Səfər etməzdən əvvəl bu məsələyə məsuliyyətlə yanaşmaq, həm özünüzün, həm də yaxınlarınızın rifahını qorumaq deməkdir”.

Əlaqəli Xəbərlər