Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 50003:2025 “Enerji menecment sistemləri – Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” dövlət standartı qəbul edilib.
SİA-nın məlumatına görə, AZSTAND-dan bildirilib ki, sözügedən standart enerji menecmenti sistemlərinin audit proseslərini tənzimləməklə müəssisələrə enerji resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq. Bu standart həm də Enerji Menecmenti Sistemlərinin (EMS) auditi və sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün səriştəlilik, ardıcıllıq və qərəzsizlik tələblərini müəyyənləşdirir.
Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.