“Babək” strukturunda kəşfiyyat qazması bu il başlayacaq


Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” müqavilə blokunun “Babək” perspektiv strukturunda 1 nömrəli kəşfiyyat quyusunun qazılması 2025-ci ildə başlayacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) materiallarında qeyd olunub.

Quyunun layihə dərinliyi 6 750 metrdir.

Şirkətin məlumatına görə, “Babək” strukturu 1959-cu ildə seysmik kəşfiyyat nəticəsində aşkar edilib.

2012-ci ildə “Babək” strukturunda üçölçülü (3D) seysmik kəşfiyyat işləri aparılıb.

2017-ci ildən “Babək” strukturunda kəşfiyyat işləri “UBOC” (“Umid-Babek Operating Company”) əməliyyat şirkətinə həvalə edilib.

Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə 2017-ciil yanvarın 12-də imzalanıb, mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.

Qeyd edək ki, “Ümid-Babək” bloku Bakıdan 75 km aralıda yerləşir, burada dənizin dərinliyi 60-700 metrdir. SOCAR tərəfindən işlənilən “Ümid” yatağının ehtiyatları minimum 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. “Babək” strukturunun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ilin sentyabrında istismara verilib.

Əlaqəli Xəbərlər