Azərbaycan dünya ölkələrini Bakıya dəvət edir


Azərbaycan dünya dövlətlərini 2026-cı il iyunun 5-də Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”ndə (World Environment Day) iştirak etməyə dəvət edir. SİA xəbər verir ki, bu barədə bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Seulda keçirilən “Ümumdünya Ətraf Mühit Günü”ndə çıxışı zamanı bildirib.

Nazir müavini xatırladıb ki, 2026-cı ildə Azərbaycanda 13-cü Ümumdünya Şəhərlər Forumu (WUF13) da keçiriləcək.

“Azərbaycan 2026-cı ildə hər iki tədbiri Bakıda qəbul etməyə hazırlaşır. Biz öz töhfəmizi verməyə, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsində, daha dayanıqlı şəhərlər və icmalar yaratmağa imkan verəcək həllərin tətbiqində əməkdaşlıq etməyə hazırıq. Bu baxımdan biz Cənubi Koreyanın “ağıllı şəhərlər”in inkişafında liderliyini alqışlayırıq. Bu gün Cənubi Koreya “Dünya Ətraf Mühit Günü”ndə sədrliyi Azərbaycana təhvil verir. Bu məsuliyyəti öz üzərimizə götürmək və işi davam etdirmək bizim üçün böyük şərəfdir. Biz sizi 5 iyun 2026-cı il tarixində bu mühüm missiyanı birlikdə davam etdirmək üçün Azərbaycana qoşulmağa səmimi qəlbdən dəvət edirik”, – U.Tağıyeva bildirib.

Əlaqəli Xəbərlər