Azərbaycan bankları “Bloomberg” platformasında və REPO bazarındakı əməliyyatları kəskin artırıb


2024-cü ildə Azərbaycan bankları “Bloomberg” platformasında öz aralarında 101,8 milyard manat məbləğində 3 761 əqd bağlayıb. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu əməliyyatların 97 %-nin müddəti 1-3 günlük olub.

Bundan başqa, ötən il banklararası REPO bazarında 11,5 milyard manat məbləğində 723 əqd bağlanılıb.

2023-cü illə müqayisədə “Bloomberg” platformasında aparılan əməliyyatların məbləği 3,3 dəfə, banklararası REPO bazarındakı aparılan əməliyyatların məbləği isə 2,5 dəfə artıb.

İl ərzində təminatsız pul bazarında orta faizlər AMB-nin faiz dəhlizi daxilində formalaşıb. Təkcə ötən ilin dekabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7,68 % təşkil edib. İl ərzində 1D AZIR ilə uçot dərəcəsi arasındakı spred orta hesabla 0,43 faiz bəndi olub. 1D AZIR indeksinin dəyişimi bəzi depozit növləri üzrə faizlərin dəyişiminə təsir göstərməyə başlayıb ki, bu da faiz ötürücülüyünün yaxşılaşdığını deməyə əsas verir.

Hesabat ilində banklararası pul bazarı üzrə faizlərin kommunikasiyasının gücləndirilməsi istiqamətində də işlər görülüb.

Əlaqəli Xəbərlər