İyunun 4-də Mərkəzi Gömrük Hospitalında inzibati və tibbi heyət üçün fövqəlada hallar zamanı ilkin yanğın təhlükəsizliyi qaydaları və pasiyentlərin təxliyyəsi ilə bağlı praktiki təlim keçirilib.
Təlimdə Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrinin əməkdaşları, tibb işçiləri, həkim rezidentlər və texniki işçilər iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunmasının təkcə maddi zərərlərin qarşısının alınması baxımından deyil, həm də pasiyentlərin sağlamlığı və həyatı üçün vacib olduğunu bildirib. O, əməkdaşların fövqəladə hallarda düzgün və operativ reaksiya verə bilməsinin, eləcə də hərəkət qabiliyyəti məhdud olan pasiyentlərin təhlükəsiz və koordinasiyalı şəkildə təxliyəsi prosesində, işçilərin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasında, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə bacarığının təkmilləşdirilməsində və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsində təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov çıxış edərək hər bir əməkdaşın yanğın və digər fövqəladə vəziyyətlər zamanı sürətli qərarvermə, düzgün davranış modeli sərgiləmə və effektiv komanda işi nümayişetdirmə bacarığı həyati əhəmiyyət daşımasını, belə təlimlərin tibbi personalın fövqəladə situasiyalara qarşı psixoloji hazırlığını gücləndirdiyini qeyd edib.
Təlimin praktiki hissəsində Mərkəzi Gömrük Hospitalının yanğından mühafizə üzrə məsul şəxs Rizvan Qasımov ilkin yanğın zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, fövqəladə hallarda pasiyentlərin təhlükəsiz şəkildə təxliyəsi prosesi barədə geniş məlumat verib, yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları, ilkin yanğın təhlükəsizliyi qaydalarını və idarəolunması proseslərini ardıcıl şəkildə vizual olaraq izah edib.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr və praktiki nümunələr üzərində fikir mübadiləsi aparılıb.