“Ümumiyyətlə, verəcəyiniz bütün sualların cavabını mən apardığım təcrübələrə və o təcrübələrdə aldığım nəticələrə əsasən cavablandırıram. Çünki bilirsiniz ki, hər fərdin şəxsi münasibətləri, özünəməxsus düşüncələri var və insanları bir-birindən fərqləndirən də elə məhz onların düşüncələridir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bu baxımdan təcrübəmdə rast gəlmişəm ki, bir uşağın danışıq qabiliyyəti, hətta onun yeniyetmə dövrü belə, valideynləri arasında yaranan söz-söhbətlərə bağlı olur. Məni həyatda güclü olmağa sövq edən, valideynlərim arasında yaranan söz-söhbətlər idi: “Nənəmlə anam arasında, bibimlə anam arasında yaranan münaqişələr mənə davaya və söz-söhbətə nifrət etməyi öyrətdi. Bu səbəbdən də çalışıram ki, həyatımda heç nəyi davayla həll etməyim. Elə gənclər də var ki, deyir: “Həyatda qorxaqlığıma səbəb ailəmdə olan söz-söhbətlərdir. Hər xırda məsələ üstündə düşən dava məni bugünkü gün qorxağa çevirdi”. Hətta yanından keçən hər səsdən qorxur və bu bəzən panik ataklara belə səbəb olur. Çünki uşaq ali instinktlə yaşayır – balaca bir titrəyiş belə içində qorxu yaradır. Bu qorxuların sabah hansı fəsadlar verəcəyi, hansı xəstəliklərə səbəb olacağı bəlli deyil. Məsələn, şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar var ki, səbəb evdəki gərginlik, söz-söhbət və qorxudur.
Bir psixoloq kimi müxtəlif psixoloji parametrləri nəzərə alaraq hər fərdin vəziyyətini qiymətləndirmək lazımdır. Hər fərd psixoloji xüsusiyyətlərinə uyğun olaraq situasiyaya fərqli reaksiya verir. Kimisi güclü mövqedən çıxış edir, kimisi qorxaq hiss edir. Ona görə də valideynlər hər hansı bir söz-söhbət yaşanarkən övladlarını bu münaqişədən uzaq tutmalıdırlar. Çünki sabah həmin uşaqlar bu situasiyaları mühakimə edə biləcək yaşa gəlirlər. Uşaqlar ədalətlidir və kimin haqlı, kimin haqsız olduğunu hiss edirlər. Nəticədə valideynləri haqqında mənfi fikirlər formalaşdıra bilərlər və düşünərlər ki, “anam və ya atam belə etdi deyə mən bu cür oldum”.