“Turizm bazarının canlanması əsasən iyun ayının ortalarına təsadüf edir. Çünki Azərbaycanda məktəblərin, xüsusən də ümumtəhsil məktəblərinin bağlanması yerli turistlərin bölgələrə səfərinə şərait yaradır. Həmçinin, xarici ölkələrdən gələn ailəvi turistlərin sayında da xeyli canlanma müşahidə olunur. Ümumiyyətlə, “pik sezon” adlanan yüksək mövsüm sentyabr ayının 15-nə qədər davam edir”. Bu sözləri SİA-ya açıqlamasında turizm-eksperti Cabir Dövlətzadə deyib.
Onun sözlərinə görə, iyun ayından başlayır və sentyabrın ortalarına qədər mütəmadi olaraq turist sayının artması ilə müşahidə olunur: “Bayram tətillərində isə vətəndaşlar üçün tur paketlərini əldə etmək asan olmur. Çünki bu paketlər ya əvvəlcədən baha qiymətə satılır, ya da son anda alınanda daha da baha başa gəlir: “Ümumiyyətlə, Azərbaycan bazarında tur paketlərin qiyməti Türkiyə ilə müqayisədə xeyli bahadır. Bunun səbəbi, xüsusilə həftə sonları insanların bölgələrə axını və bunun nəticəsində tələbin artmasıdır. Azad bazar iqtisadiyyatında qiymətlər tələbə uyğun formalaşdığı üçün bölgələrdə qiymətlər yüksək olur. Lakin ümid etmək olar ki, otellərlə yanaşı evlərin kirayəyə verilməsi qiymətlərin müəyyən qədər balanslaşmasına səbəb olar. Çünki otellərdə qalmaq imkanı olmayan insanlar ev kirayələyib 3-5 gün və ya bir həftə qala bilərlər. Bu, ev turizminin inkişafına da təkan verir. Xüsusilə Qəbələ, Şəki, Quba kimi turistik bölgələrdə ev turizmi inkişaf edib. Bu proses pandemiyadan sonra başlayıb və hələ də davam edir. Hazırda yerli müştərilər də onlayn şəkildə bu evləri rezervasiya edərək istifadə edirlər.
Əsas məsələ odur ki, qiymətlər bazar iqtisadiyyatı əsasında formalaşdığı üçün özəl mülkiyyət sahiblərinə müdaxilə etmək olmur. Sadəcə ümid etmək olar ki, gələcəkdə Azərbaycanda ümumi rifah səviyyəsi yüksələr və insanlar daha çox istirahətə yönələ bilərlər”.