“Tikinti materiallarının qiymət artımı məsələsi son illərdə geniş müzakirə mövzusudur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ramil Osmanlı sözlərinə belə davam edib: “Xüsusilə 2020-ci ildən etibarən, qlobal pandemiyanın yaratdığı tədarük zəncirindəki qırılmalar, daşınma xərclərinin artması, enerji daşıyıcılarının bahalaşması və tikintiyə olan tələbin artması bir sıra materialların qiymətlərinə təsir etdi. Taxta, sement, dəmir kimi əsas tikinti materialları bu dövrdə ciddi bahalaşdı. Məsələn, əvvəllər 360 manat civarında olan bir kubmetr taxta, sonrakı dövrlərdə 420–430 manata qədər yüksəldi.
Lakin diqqətəlayiq məqam ondan ibarətdir ki, bu artımlar davamlı olmadı. Bir çox materiallarda 2022-ci ildən etibarən qiymət sabitləşməsi və hətta müəyyən hallarda ucuzlaşma müşahidə olundu. Bunun əsas səbəblərindən biri dövlət səviyyəsində infrastruktur layihələrinin müəyyən qədər tənzimlənməsi, eyni zamanda istehsal sahələrinin fəaliyyətini bərpa etməsi oldu. Həm də yerli bazarda rəqabət mühiti formalaşdıqca, süni qiymət artımlarının qarşısı qismən alındı.
Fərdi yaşayış evlərinin tikintisində material qiymətlərinin təsiri daha çox hiss olunur. Xüsusilə rayonlarda bu dəyişiklik birbaşa xərclərə yansıyır. Amma çoxmərtəbəli yaşayış binalarının inşasında materialların maya dəyərindəki payı ümumi mənzil qiymətinə nəzərən o qədər də yüksək deyil. Burada torpaq sahəsinin yerləşməsi, sənədləşmə xərcləri, bazar psixologiyası və alıcı kütləsinin davranışı daha həlledici rol oynayır.
Eyni zamanda, bəzi tikinti şirkətləri materialların qiymət artımını müəyyən dərəcədə bəhanəyə çevirərək, qiymətlərə əlavə yük bindirə bilirlər. Amma hazırkı mərhələdə bu artımlar kəskin xarakter daşımır və ümumi qiymətə ciddi təsir göstərmir.
Nəticə etibarilə, tikinti materiallarının qiymət dinamikası birmənalı deyil. Bazardakı dalğalanmalar müəyyən hallarda sosial təzyiq yaratsa da, ümumi qiymət siyasətində bu faktor təkbaşına həlledici olmur. Daha vacib amillər – torpaq dəyəri, bazar tələbi, valyuta məzənnəsi və dövlətin normativ tənzimləmələri ilə əlaqəlidir”.
Ayşən Vəli