Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir


Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir. SİA xəbər verir ki, bunu Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

O, kolonializmin vurduğu zərərlərin ödənilməsi məsələsinə toxunaraq, bir sıra mühüm məqamları diqqətə çatdırıb: “Artıq bəzi dövlətlər bu tarixi ədalətsizliklərin aradan qaldırılması üçün konkret təşəbbüslərlə çıxış edirlər. Xüsusilə Kolumbiya hökuməti Haitiyə vurulmuş zərərin ödənilməsi məqsədilə maliyyə yardımına hazırdır və bu prosesə digər dövlətlərin də qoşulması vacibdir”.

“İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransdakı müzakirələr, çağırış və təşəbbüslər Şimal və Cənub ölkələri arasında qurulmaqda olan dialoqun ruhuna tam uyğun gəlir. Əgər biz keçmişlə üzləşmək və ədaləti bərpa etmək istəyiriksə, bu istiqamətdə beynəlxalq həmrəylik mühüm rol oynayır”, – deyə E.M.Martinez əlavə edib.

O, həmçinin konfrans çərçivəsində ilk dəfə olaraq afroəsilli icmalara qarşı törədilmiş haqsızlıqların müzakirəsində qurbanların təmsilçiləri ilə qurbanların özləri arasında birbaşa açıq dialoqun təşkil olunduğunu qeyd edib. E.M.Martinez bu formatın qlobal ədalətə doğru atılmış mühüm addım olduğunu bildirib.

Elias Murillo Martinez kolonializmlə mübarizədə beynəlxalq ictimaiyyəti birgə fəaliyyətə çağırıb.

Əlaqəli Xəbərlər