” Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda zəif olsa da, müəyyən müsbət dinamika mövcuddur. Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsində ciddi irəliləyiş gözlənilmir, çünki Baş nazir Paşinyan əmin deyil ki, bu məsələ üzrə referenduma çıxarıldıqda əhalidən kifayət qədər səs toplaya biləcək. Lakin Paşinyan özü sülh sazişinin imzalanması və problemin bu yolla həll olunması baxımından prinsipial mövqe sərgiləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər Nazirinin bəyanatlarında da bu yanaşmanın izləri görünməkdədir: “O bildirib ki, Ermənistan gələcəkdə Azərbaycanla ticarət əlaqələri qurmağa və iqtisadi münasibətlərə başlamağa hazırdır. Bu, onu göstərir ki, Ermənistan tərəfi sülhə istiqamətlənmiş mövqe nümayiş etdirir. Hökumət səviyyəsində müharibə ehtimalı barədə düşüncələr yoxdur. Çünki Ermənistan rəhbərliyi Azərbaycanın hərbi potensialını və müharibə aparmaq qabiliyyətini anlayır.
Bununla yanaşı, Ermənistanda revanşist qüvvələrin mövcudluğu da inkar edilə bilməz və məhz bu qüvvələr Paşinyanın daha cəsarətli addımlar atmasına əngəl yaradır. Paşinyan ictimai rəylə hesablaşmağa məcburdur və bu kontekstdə revanşist dairələrin təsiri yetərincə güclüdür, hətta bu qüvvələr marjinal sayıla bilməz. Mən hesab edirəm ki, əgər Paşinyan əmin olsa ki, əhalidən əzici səs çoxluğu ilə dəstək ala bilər, o zaman növbədənkənar seçkilərə gedər və siyasi kursunu möhkəmləndirməyə çalışar. Lakin onun bu addımı atmaması, həmin dəstəyi tam əminliklə görmədiyini göstərir”.
Həmçinin politoloq qeyd edib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin statusunu ratifikasiya etdi: “Bunu əsasən ona görə etdi ki, ona ciddi şəkildə təlqin olunurdu: guya Azərbaycan hücum etməyə hazırlaşır. İndiyə qədər də Ermənistana bu şəkildə yalan məlumatlar ötürülür – yəni, Azərbaycan guya hərbi hücuma hazırlaşır. Məhz bu səbəbdən Ermənistan da silahlanır. Onların silahlanması isə bu dəfə Azərbaycan üçün problem yaradır və sülh danışıqlarına mənfi təsir göstərir.
Nəticə olaraq demək olar ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Lakin eyni zamanda Ermənistandakı siyasi qüvvələr arasında birliyin olmadığı da müşahidə olunur.
Azərbaycanla bağlı Qarabağ məsələsində Ermənistanda revanşist ritorikanın güclənməsi əsasən Paşinyan hakimiyyətinə qarşı siyasi mübarizə vasitəsi kimi istifadə olunur. Müxalif qüvvələrin əksəriyyəti bu mövzunu daxili siyasi məqsədlərlə gündəmdə saxlayır. Bununla belə, nəzərə almaq lazımdır ki, həmin qüvvələr hakimiyyətə gəlsələr belə, real hərbi qarşıdurmaya getmək ehtimalları olduqca aşağıdır. Çünki onlar da Ermənistanın hərbi və geosiyasi baxımdan zəif durumda olduğunu bilirlər. Lakin əlverişli geosiyasi və hərbi şərait yarandığı təqdirdə, revanşist meyllərin yenidən fəallaşması mümkündür.
Azərbaycanın 2020-ci və 2023-cü illərdə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ələ keçirdiyi strateji yüksəkliklər və mövqelər ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib. Bu mövqelər işğaldan azad olunmuş ərazilərdə yerləşdiyi üçün Azərbaycanın öz suveren ərazilərində möhkəmlənməsi beynəlxalq hüquq baxımından da əsaslıdır. Hazırkı şəraitdə Ermənistanın hərbi hücumlarının uğurla nəticələnməsi üçün real əsaslar yoxdur, çünki Azərbaycan Ordusunun həm texniki, həm də taktiki üstünlükləri aydındır.
Digər tərəfdən, Ermənistanın pilotsuz uçuş aparatları (PUA) sahəsində texnoloji imkanlarını genişləndirmək istəyi müşahidə olunur. Bu, qlobal miqyasda, xüsusilə də Ukrayna müharibəsində dron texnologiyalarının artan rolu ilə əlaqədardır. Bu şəraitdə Azərbaycan da müdafiə strategiyasını daim yeniləməli və hərbi texnologiyalar sahəsində üstünlüyünü qoruyub saxlamalıdır.
Bu il Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır. Bunun əsas səbəblərindən biri Azərbaycanın irəli sürdüyü mühüm şərtlərdən birinin – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin hələ də həyata keçirilməməsidir. Azərbaycan hesab edir ki, Ermənistan Konstitusiyasında ərazi iddialarına əsas verən müddəaların mövcudluğu iki ölkə arasında uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına maneə yaradır”- deyə o əlavə edib.