Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mayın 28-də Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirildi. Konsert proqramından öncə ölkələrin rəhbərləri tədbir iştirakçılarının qarşısında çıxış edərək olduqca mühüm mesajlar səsləndirdilər. Heç şübhəsiz ki, səsləndirilmiş mesajların beynəlxalq konteksti dünyanın aparıcı mətbu orqanlarının səhifələrində hələ çox müzakirə və şərh olunacaq. Ən azından ona görə ki, bütün mesajlar dünyada sülhə və ölkələr arasında ədalətli münasibətlərə çağırış motivli idi. Ancaq mövcud yazıda oxucuların diqqətini bilavasitə daxili məsələyə aid olan maraqlı bir mövzuya cəlb etmək istərdik. Belə ki, dünyanın və ilk növbədə bütün maraqlı ölkələrin diqqəti sözügedən tədbirə yönəldiyi zaman Prezident İlham Əliyev bu cür unikal və mühüm platformadan istifadə edərək öz çıxışında belə bir fikri xüsusi olaraq vurğuladı: “Bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.” Əslində, bu fikirlə dövlətimizin başçısı “vətənpərvərliyi” ideoloji fəaliyyətinin mütləq prioriteti kimi müəyyən etmiş olur.
Bu fikirlər politoloq Asif Adilin “Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir” adlı məqaləsində yer alıb. SİA məqaləni təqdim edir.
Məlumdur ki, vətənpərvərlik ruhu yalnız həmrəylik mühiti yaşanan cəmiyyətlərdə inkişaf edə bilər. Çünki həmrəyliyin əks tərəfi ixtilaf, düşmənçilik və cəmiyyətin ideoloji parçalanmasıdır. Əlbəttə ki, qarşılıqlı şübhə və düşmənçilik olan yerdə əhalinin, xüsusilə də gənclərin ictimai təfəkküründə heç zaman səmimi vətənpərvərlik hissi formalaşa bilməz. Məhz bu cür xoşa gəlməz tendensiyalarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev dövlət siyasətində milli həmrəyliyə hər zaman xüsusi yer ayırır. Prezidentin “Biz birlikdə güclüyük” ifadəsi isə artıq çoxdandır ki, dillər əzbəri olub.
Bəli, cəmiyyətdə vətənpərvərlik hissinin yaşanmasını şərtləndirən əsas amillərdən biri məhz milli həmrəylik və birlikdir. Onu da bilirik ki, “həmrəylik” məfhumu ilk növbədə ideoloji amildir. Hər hansı bir ideologiyanın konkret cəmiyyətdə üstünlük təşkil etməsində isə siyasi institutların və fikir sahiblərinin rolu danılmazdır. Qeyd olunanlar müstəvisində Prezident İlham Əliyevin dialoq siyasətinin daha bir pozitiv təzahür forması üzə çıxmış olur. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizdə fəal şəkildə təşviq olunan dialoq mühiti, eyni zamanda, cəmiyyətdə mövcud olan bütün potensialların səfərbər olunmasına xidmət edir.
Beləliklə, siyasi dialoqda aktiv şəkildə iştirak edən siyasi partiyalar öz fəaliyyətləri ilə cəmiyyətimizdə yaşanan milli həmrəyliyi də qorumuş olur. Şübhəsiz ki, cəmiyyətin vahidliyini təmin edən və bu istiqamətdə arzuolunmaz tendensiyaların qarşısını alan əsas siyasi institutlardan biri məhz siyasi partiyalardır. Bu mənada çox sevindirici haldır ki, Laçında dövlətimizin başçılarının iştirakı ilə keçirilmiş sözügedən tədbirdən cəmi bir ay öncə, daha dəqiq desək aprelin 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin də Laçına birgə səfəri təşkil olunub. Xatırladaq ki, siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçına olub. Tərəddüd etmədən deyə bilərik ki, qeyd olunan təcrübə həm vətəndaş həmrəyliyin dərinləşməsinə, həm Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasına xidmət edir.
Bir neçə dövlətimizin başçısının iştirakı ilə keçirilmiş tədbir ilə eyni məkanda cəmi bir ay öncə ölkənin bütün siyasi partiyalarının birgə toplanması yalnız yaşanan həmrəylik mühiti və sağlam siyasi dialoqun təzahürü kimi dəyərləndirilməlidir. Qeyd olunan danılmaz fakt bütün vətənsevərləri sevindirə bilər, xain qüvvələri isə narahat edər. Siyasi dialoq mühiti milli birliyin funksional və ideoloji bünövrəsidir. Siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühit yaratmaqla tərəflər arasında etibarlı münasibətləri təşviq edir. Etibarlı münasibətlər isə həmrəyli təmin etmək iqtidarında olan daha bir önəmli ideoloji amildir. Bu mənada vacib məqamlardan biri də odur ki, məhz siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Dolayısilə siyasi dialoq cəmiyyəti vahid məqsəd naminə birləşdirir və cəmiyyəti müxtəlif süni xarakterli streslərdən qoruyur. Əlbəttə, bundan qazanan Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti və onun vətəndaşıdır.
Prezident İlham Əliyev yuxarıda qeyd olunan tədbirdəki çıxışında bildirmişdir: “Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq”. Azərbaycanın davamlı inkişafını arzu edən hər bir məsuliyyətli vətəndaş həmrəylik mühitinin qorunmasına öz töhfəsini verməli və əldə olunmuş tarixi uğurları müstəqilliyimiz qədər dəyərləndirməlidir. Odur ki, mayın 28-də Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir və orada səsləndirilmiş mesajlar sözün hərfi mənasında Müstəqillik Günümüzə yeni rəng və məna qatmış oldu. Öz ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan xalqı “müstəqillik” məfhumunun ideoloji mahiyyətinə “həmrəylik” və “birlik” kimi amilləri də əlavə etmiş oldu. Həmrəylik və birlik Azərbaycan xalqının və müasir cəmiyyətimizin yaşam modeli olaraq davamlı inkişafı təmin edir. Əldə etdiyimiz Qələbə sayəsində bizim müstəqilliyimiz artıq qüdrət, qürur və birlik simvoluna çevrilib.