İmtahan təzyiqi uşaqların ruhunu əzir”


“Hər imtahan mövsümündə yenə eyni səhnə: “Filankəsin uşağı 650 bal yığdı, sən niyə belə etmədin?” — bu cümlə sadəcə bir müqayisə deyil, uşaqların qəlbinə saplanan bir oxdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

Onun sözlərinə görə, hər il təəssüf ki, imtahanlarla bağlı intihar xəbərləri eşidirik: “Bu, artıq sadəcə təhsil problemi deyil, bu, cəmiyyətin, ailələrin və məktəbin psixoloji yanaşma problemidir.

İmtahan bir nəticədir, şəxsiyyət isə bir proses. Valideynlər övladlarının şəxsiyyətini nəticə üzərindən dəyərləndirməyə çalışdıqda, onların özünəinamını sarsıdır, sevilməyə yalnız “uğur qazandıqları halda layiq olduqları” mesajını ötürürlər. Bu isə uşaqlarda dəyərsizlik hissini dərinləşdirə bilər. Halbuki, hər bir uşaq dəyərlidir, balından, nəticəsindən, testindən asılı olmayaraq.

Müəllimlər isə sadəcə dərs keçmək yox, uşaqların daxili dünyasına da toxunmağı bacarmalıdır. Qiymətləndirmə motivasiya üçün deyil, inkişaf üçün olmalıdır. Bir şagirdin zəif nəticəsini “tənbəllik” kimi yozmaq əvəzinə, onun nəyə ehtiyac duyduğunu anlamaq daha doğrudur. Bəlkə o, qorxur? Bəlkə özünü heç kimin anlamadığını düşünür?

Valideynlər nə etməlidir?

1. Övladınızla rəqabət yox, rəğbət qurun.

2. Ona “səni olduğun kimi sevirəm” mesajını hər fürsətdə verin.

3. Onun dəyərini bal və nəticələr üzərindən ölçməyin.

4. Öz gərginliyinizi uşağa yansıdaraq onu əlavə stress altında qoymayın.

Müəllimlər nə etməlidir?

1.Dərsdən öncə uşağın ruh halını oxumağa çalışın.

2. “Nə qədər bilirsən?” sualından çox, “Səni nə narahat edir?” sualına yer verin.

3. Qiymətləndirməni tənqid yox, yönləndirmə vasitəsi kimi istifadə edin.

Unutmayaq: Uşaqların gələcəyi sadəcə test vərəqlərinə yazılan rəqəmlərlə deyil, içlərində daşıdıqları güvənlə formalaşır. Onları müqayisə ilə yox, qəbul və anlayışla böyütsək, bu cəmiyyət daha sağlam düşüncəli fərdlərlə dolacaq”.

Əlaqəli Xəbərlər