Bu gün Bakı Konqres Mərkəzində yubiley “Baku Energy Forum”u öz işinə başlayıb. SİA xəbər verir ki, bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir.
Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
Bakı Enerji Forumuna Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Forum” 2025-in iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.
“Baku Energy Forum”-da energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiya keçiriləcək. Forum çərçivəsində baş tutacaq “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olacaq.
Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. “Enerjidə Rəqəmsallaşma: Məlumat və Texnologiyanın Gücü”, “Geoloji Kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları”, “Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması”, “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması”, “Qaz Bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və Qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi” kimi mövzular forumun əsas istiqamətlərini təşkil edir.
Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.
Forum gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan yaradır. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış global biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək.
İyunun 4 -də Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.
Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A. Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım etmişdir. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır.
Nordströmün “Bakı Enerji Forumu”nda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.
Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutacaq. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” layihəsi həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.
Ənənəvi olaraq, “Bakı Enerji Həftəsi” çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüş otaqları təşkil olunacaq. Forum çərçivəsində sponsor qismində çıxış edən “INTI” tərəfindən “INTI Texnologiya Günü” adlı seminar keçiriləcək.
Qeyd edək ki, “Baku Energy Forum” sabah öz işinə yekun vuracaq.