Uşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır


Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Təəssüf ki, uşaqlar bəzən valideynlər, bəzən də rəsmi, yaxud qeyri-rəsmi himayəsində yaşadıqları şəxslər tərəfindən küçədə yaşamağa, onların mənəviyyatına, fiziki və psixoloji sağlamlıqlarına zərər verən fəaliyyətlə məşğul olmağa təhrik edilirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) hər gün uşaqlarla bağlı müraciətlər daxil olur. Bu müraciətlərin əksəriyyətində məişət zorakılığına, eyni zamanda, bullinqə, təhsildən yayınmaya, küçə həyatına məruz qalan və digər problemlərlə üzləşən uşaqların pozulmuş hüquqları ilə əlaqədar tədbirlərin görülməsi istənilir. Dövlət Komitəsi bu istiqamətdə müvafiq işlər həyata keçirir. Bu barədə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlərlə əlaqədar SİA-nın sorğusuna AQUPDK-dan verilən cavabda bildirilib.

Qeyd edilib ki, komitəyə daxil olan bütün müraciətlər araşdırılır. “Bu məsələdə digər qurumlarla əlaqəli şəkildə fəaliyyət göstəririk. Birinci növbədə, uşağın olduğu yerin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Əgər müraciətdə uşağın yeri göstərilməyibsə, bu zaman onun faktiki, yaxud qeydiyyatda olduğu ünvanı tapmaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılır. Müraciətdə uşağın ailəsinin yaşadığı yer göstərilibsə, bu zaman yerli icra hakimiyyətlərində yaradılan Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət edilir, qiymətləndirmə aparılır. Qiymətləndirmə zamanı uşağın ailə vəziyyəti, onun sənədlərlə bağlı problemləri və s. müəyyənləşdirilir. Əgər faktiki yaşadığı ailədə uşağın sağlamlığına və mənəviyyatına zidd olan məsələlər aşkarlanarsa, Ailə Məcəlləsinin 72-ci maddəsinə əsasən onun ailədən alınması həyata keçirilir. Bu zaman ilk növbədə, uşağın tibb müəssisəsində müayinəsi aparılır. Həmçinin uşaq haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə yerləşdirilir, onun dövlət uşaq müəssisəsinə, yaxud müvəqqəti olaraq sığınacağa yerləşdirilməsi istiqamətində Sosial Xidmətlər Agentliyi ilə danışıqlar aparılır. Bundan əlavə, yerli icra hakimiyyəti orqanı tərəfindən uşağın valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması, yaxud onların bu hüquqlardan mərhum edilməsi istiqamətində məhkəmə qarşısında vəsatət qaldırılır. Sığınacağa və yaxud dövlət uşaq müəssisəsinə yerləşdirilmiş uşağın natamam olan sənədlərinin bərpası, təhsil hüququnun təmin edilməsi, ümumiyyətlə, pozulmuş hüquqlarının müdafiəsi istiqamətində iş həyata keçirilir “, – deyə məlumatda vurğulanıb.

Məlumatda, həmçinin bildirilib ki, komitə tərəfindən uşaq hüquqlarının müdafiəsini həyata keçirən digər qurumlarla birlikdə dövlət və özəl uşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı həmin müəssisələrin faəliyyəti, uşaqlara olan rəftar tərzləri və s. qiymətləndirilir.

Qeyd edək ki, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Əlaqəli Xəbərlər