Almaniyada həftəsonu müşahidə olunan güclü leysan və dolu nəticəsində bir neçə bölgədə daşqınlar baş verib, xəsarət alanlar var. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, xüsusilə Şimali Reyn-Vestfaliya əyalətində küçələr su altında qalıb, zirzəmilər dolub. Fövqəladə hallarla bağlı qurumlar fasiləsiz fəaliyyət göstərirlər. Hükelhoven şəhərində 5 min nəfərin qatıldığı açıq hava tədbiri dolu səbəbindən yarımçıq qalıb. 11 nəfər xəsarət alıb. Krefeld və Erftstadt şəhərlərində də fövqəladə vəziyyət yaşanıb, bəzi sakinlər elektrik enerjisiz qalıblar.
Almaniya Hava Xidmətinin məlumatına görə, təkcə Şimali Reyn-Vestfaliya əyalətində 10 minə yaxın ildırım qeydə alınıb. Güclü külək və aşan ağaclar nəqliyyatın hərəkəti üçün ciddi maneələr yaradıb.
Təbii fəlakət bir sıra tədbirlərin təxirə salınmasına səbəb olub, o cümlədən Aaxendə bazar günü planlaşdırılan “3Rides Gran Fondo” veloyarışı təhlükəsizlik səbəbindən baş tutmayıb.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, yağışlı və qeyri-sabit hava şəraiti yeni həftənin əvvəlində də davam edəcək. Xüsusilə ölkənin cənub, mərkəzi və şərq bölgələrində dolu və şimşəkli yağışlar gözlənilir. Digər bölgələrdə isə havanın nisbətən sabitləşəcəyi proqnozlaşdırılır.