Papa XIV Leo İtaliyanın paytaxtından təxminən bir saatlıq məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki Roma papalarının yayda istirahət etdiyi iqamətgaha köçmək niyyətindədir. SİA xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Albano vulkanik gölünün sahilində yerləşən bu sarayı ziyarət edib. İtaliya mediası yay iqamətgahının uzun müddət sonra XIV Leo tərəfindən yenidən istifadə oluna biləcəyini yazır.
Xatırladaq ki, mərhum Papa Fransisk iqamətgahdan istifadədən imtina etmiş və 2016-cı ildən buranın turistlər üçün açıq muzey kimi istifadə olunması göstərişini vermişdi. Fransisk papalıq dövründə heç vaxt Vatikandan kənarda qalmayıb. İqamətgahda yaşayan sonuncu Papa XVI Benedikt olub.
Burada İsveçrə qvardiyasına məxsus geyimlər, papanı yürüşlərdə daşımaq üçün istifadə olunan portativ taxt və digər əşyalar yerləşən sərgi otaqları var. Həmçinin bütün papaların portretləri nümayiş olunan qalereya, papanın qonaqlarının qəbul edildiyi gözləmə otaqları yerləşir. Malikanədə papanın ofisləri, iş masaları və kitab rəfləri, yataq otağı, qurbangah və papanın kreslosu, eləcə də kiçik kilsə var.
Kastel Qandolfo XIII əsrdə Müqəddəs Taxt-Tacın mülkü elan edilib, lakin XVII əsrə kimi burada bina tikilməyib. Papaların istirahət etdiyi Kastel Qandolfo sarayı isə 1624-cü ildə Karlo Maderno tərəfindən Papa VIII Urban üçün inşa olunub. 1929-cu ildə Papa XI Piy tərəfindən burada bərpa işləri aparılıb və o vaxtdan bəri papaların yay iqamətgahı kimi istifadə edilib. Roma Papaları ənənəvi olaraq qışı Vatikanda, yayı isə Kastel Qandolfoda keçiriblər.