28 May – Azərbaycan xalqının milli qürur və azadlıq günüdür. Bu müqəddəs tarix, müstəqilliyimizin təməli, xalqımızın öz gələcəyini azad şəkildə müəyyənləşdirməsinin nümunəsidir. Hər il bu gün biz həm keçmişimizin şanlı səhifələrini yad edir, həm də gələcəyimiz üçün ümid və inamla doluruq. 28 May, birlik və bərabərlik rəmzi olaraq, bizi daha güclü, daha irəli aparan bir gücdür. Azərbaycan vətəndaşlarının bu günlə bağlı düşüncələri nədən ibarətdir? SİA bu barədə sorğu edib.
Şəhər sakini Kəmalə Həşimova: “Bu gün biz xalqımızın tarixi yaddaşında və dövlətçilik salnaməsində xüsusi yerə malik olan 28 May – Müstəqillik Gününün 107-ci ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi milli dövlətçiliyimizin təməl daşı, milli kimliyimizin ifadəsi və müasir müstəqil dövlətimizin başlanğıcı olmuşdur.
Müstəqillik yalnız tarixi nailiyyət deyil, həm də davamlı inkişaf və sabitliyə yönəlmiş strateji bir hədəfdir. Biz bu gün müstəqil bir dövlət kimi keçmişdən güc alaraq gələcəyə ümid və inamla irəliləyirik. Dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi bizim əsas vəzifəmizdir. Qoy müstəqilliyimiz əbədi olsun, xalqımızın ruhu daim azad, Vətənimiz isə daim var olsun! Müstəqillik Gününüz mübarək!”
Şəhər sakini Fərhad Quliyev: “Bu gün biz xalqımızın tarixi taleyində misilsiz əhəmiyyətə malik olan 28 May – Müstəqillik Gününü böyük qürur və sevinc hissi ilə qeyd edirik. Düz 107 il öncə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və xalqımız ilk dəfə olaraq suveren, demokratik və hüquqi dövlət qurmaq hüququna sahib oldu. Bu şanlı tarix təkcə bir dövlətin qurulması deyil, eyni zamanda milli iradənin, azadlıq əzminin və kimliyimizin rəmzinə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olaraq yalnız xalqımızın deyil, bütün Şərqin tarixində bir dönüş nöqtəsi oldu. Qısa müddətli fəaliyyəti dövründə həyata keçirilən islahatlar – qadınlara seçki hüququnun verilməsi, demokratik institutların yaradılması və milli ordu quruculuğu – bu dövlətin nə qədər qabaqcıl ideallara əsaslandığını sübut edir.
Bu gün biz həmin idealların davamçıları olaraq, müasir və güclü Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Ölkəmiz müstəqilliyini qoruyaraq hər sahədə böyük nailiyyətlərə imza atır, bölgədə və dünyada layiqli yerini getdikcə daha da möhkəmləndirir”.
Şəhər sakini Vüqar Mikayılov: “Bu gün biz sadəcə keçmişi xatırlamırıq, həm də gələcəyə bir daha söz veririk: azadlığımızı qoruyacağıq! 28 May – azadlığın, birliyin, inamın günüdür. Bu tarixdə bir millət ayağa qalxdı və dedi: “Bu torpaq bizimdir, söz də, qərar da bizimdir!”
Müstəqillik bizə göydən düşməyib. O, canla, qanla qazanılıb. İndi isə onu yaşatmaq bizim əlimizdədir – əməlimizlə, düşüncəmizlə, birliyimizlə. Qoy bu bayram hər birimizin ürəyində azadlıq işığı yandırsın! Yaşasın müstəqil Azərbaycan!”.
Şəhər sakini İmran Mustafayev: “107 il əvvəl bir xalq susmadı – danışdı. Qaranlıqdan çıxıb öz yolunu seçdi. Bu gün 28 May təkcə tarix deyil, ruhumuzun azadlıqla döyündüyü gündür.
Müstəqillik – sadəcə bayraq, gerb, himn deyil. Müstəqillik – düşünmək haqqıdır, danışmaq cəsarətidir, bir millət kimi var olmaq iradəsidir. Biz bu haqqı qazandıq, qoruduq, və qorumağa davam edəcəyik. Qoy torpağımızda azadlıq heç vaxt susmasın, qürurumuz daim ucalarda dalğalansın! Bayramınız mübarək, Azərbaycan”.
Şəhər sakini Xatirə İmanova: ” Bu gün biz var olduğumuzu dünyaya göstərdiyimiz gündür. 28 May – xalqımızın “öz yolum var” dediyi gündür. Heç kimdən icazə almadan, qorxmadan, çəkinmədən – ayağa qalxıb “müstəqiləm” deməyin adıdı bu tarix.
Müstəqillik bizim üçün sadəcə keçmiş deyil, bu gün yaşadığımız hər andır. Danışdığımız dil, oxuduğumuz məktəb, dalğalanan bayraq – hamısı həmin qərarın bəhrəsidir. Qoy bu gün birliyimizi möhkəmlətsin, inamımızı artırsın. Çünki bu Vətən hamımızındır – ürəklə sevəcəyimiz, alnıaçıq qoruyacağımız bir torpaqdır. Bayramınız mübarək! Yaşasın Azərbaycan”.
Şəhər sakini Fidan Cabbarova: “Bəlkə də bu gün əvvəllər daha çox qeyd olunurdu, daha çox hiss olunurdu… İndi bəziləri üçün adi bir tarix kimi görünə bilər. Amma bizim üçün – bu xalqın yaddaşını, ruhunu daşıyanlar üçün – bu gün sadəcə bir bayram deyil, varlığımızın rəsmi tarixidir.
28 May – dövlətimizin “mən varam!” dediyi gündür. Bu tarix bizim kökümüzdür, təməlimizdir. Müstəqilliyimizin ilk səsi, ilk addımı, ilk nəfəsidir. Unutmamalıyıq ki, bu gün olmasaydı, bəlkə də bu gün sahib olduğumuz heç nə olmazdı – nə azadlığımız, nə sözümüz, nə də dövlətçiliyimiz. Ona görə də bu günü qiymətləndirmək, yaşatmaq bizim borcumuzdur. Çünki bu sadəcə keçmişin yox, həm də gələcəyin günüdür. Bayramınız mübarək, can Azərbaycan. Qoy dövlətimiz həmişə var olsun”.
Şəhər sakini Səbuhi Turabzadə: “Müasir cəmiyyətdə, xüsusilə gənc nəsillərin milli şüurunun formalaşmasında tarixi və mədəni simvolların rolu böyükdür. Məsələn, metronun 28 May stansiyası kimi dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan obyektlərin mövcudluğu gənclərimizin və gələcək nəsillərin milli tariximizi tanıması üçün vacibdir. Əgər bu kimi simvollar olmasaydı, gənclərimizin və uşaqlarımızın müstəqillik tariximizdən xəbərdar olmaları daha çətin olardı.
Buna görə də, 28 May – Müstəqillik Günü kimi mühüm tarixi hadisənin xatirəsini yaşatmaq, dövlətçilik ənənələrimizi qorumaq və gələcək nəsillərə ötürmək üçün mədəniyyət və təhsil sahəsində müvafiq tədbirlər həyata keçirmək zəruridir. Bu, təkcə metro stansiyalarında deyil, həm də digər ictimai yerlərdə, kitabçalarda, təhsil proqramlarında və geniş ictimaiyyət arasında təbliğ edilməlidir.
Tarixi şəxsiyyətlərin, o cümlədən Məmməd Əmin Rəsulzadə kimi dövlət xadimlərinin fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin və müasir müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində həlledici olmuşdur. Bizim milli kimliyimizin və dövlətçiliyimizin əsasını qoyan bu şəxsiyyətlər və onların idealları bizim üçün əvəzsiz sərvətdir”.