28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən Tallində təntənəli mərasim təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbir Estoniyanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Anar Məhərrəmov çıxışında 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixi hadisə və ölkə dövlətçiliyinin inkişafında şanlı səhifələrdən biri olduğunu bildirib, Cümhuriyyətin dövlət quruculuğu prosesində qısa müddət ərzində böyük uğurlar qazandığını vurğulayıb.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi, bununla belə, ilk günlərdən çətinliklərlə üzləşdiyi qeyd olunaraq, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyinin yarandığı, genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyi, ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici sərmayələrin həcminin artdığı diqqətə çatdırılıb.
Ulu Öndərin təşəbbüsü ilə aparılan islahatların hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin təşəbbüsü ilə nəhəng enerji, nəqliyyat layihələrinin həyata keçirildiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas komponentləri olan TANAP və TAP-ın uğurla həyata keçirilməsi ölkəmizi Avropanın və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan birinə çevirib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi nailiyyətlər təsadüfi deyil ki, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququ vermişdir.
Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərindən söz açılaraq vurğulanıb ki, bu gün həmin ərazilər dövlət tərəfindən “yaşıl enerji” zonası elan edilib və onların qısa müddət ərzində regionun ən inkişaf etmiş və cəlbedici ərazilərinə çevrilməsi hədəf kimi götürülüb.
Xüsusi qeyd edilib ki, ölkəmizin müstəqilliyi Azərbaycan xalqının ən müqəddəs nailiyyətidir. Məhz buna görə sevindirici haldır ki, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilən bu ildə Müstəqillik Gününə həsr olunmuş tədbirlər Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində keçirilir.
Estoniya – Azərbaycan münasibətlərindən söz açan səfir diqqətə çatdırıb ki, bu gün iki ölkə arasında əlaqələr bütün sahələrdə, xüsusilə parlamentlərarası, humanitar və təhsil sahələrində uğurla inkişaf edir. Hər iki ölkənin iqtisadi sahəyə artan maraqları qeyd olunaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə xeyli artdığı vurğulanıb..
Sonra çıxış edən Estoniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Riina Solman Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. İkitərəfli münasibətlərə toxunan R.Solman Estoniya ilə Azərbaycan arasında çoxillik dostluq və səmərəli əməkdaşlığın qarşılıqlı anlaşma, hörmət əsasında qurulduğunu bildirib. O, parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayaraq, son zamanlar baş tutmuş qarşılıqlı səfərləri bu münasibətlərin bariz nümunəsi kimi səciyyələndirib.
Tədbirdə Estoniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Estoniyanın dövlət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının, həmçinin yerli ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.
Daha sonra ölkəmizin füsünkar təbiətini, mədəniyyətini və incəsənətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı tədbir iştirakçılarında böyük maraq doğurub.
Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.