Azərbaycanın Müstəqillik Günü Qarsda da qeyd edilib


Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir ölkəmizin Qarsdakı baş konsulluğu tərəfindən təşkil olunub.

Qars valisi Ziya Polat, Qars bələdiyyəsinin sədri Ötüken Şenger, baş prokuror Mehmet Çepni, Qafqaz Universitetinin rektorluğunun nümayəndələri və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri də daxil olmaqla tədbir iştirakçıları qardaş ölkələrin dövlətçiliyinin formalaşmasında və inkişafında xidmətləri olan Azərbaycan və Türkiyə övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev çıxış edərək iki qardaş ölkənin dövlətçiliyinin inkişafında Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi rolunu qeyd edib.

Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dövlət olduğunu xatırladıb. “Nisbətən qısa, 23 ay davam edən tarixi dövrdə Azərbaycan tamhüquqlu dövlət idarəetmə strukturlarını formalaşdırmağa və ölkəmizin dünya miqyasında tanınması istiqamətində addımlar atmağa nail olub”, – deyə diplomatik missiyanın rəhbəri vurğulayıb.

Z.Əliyev Türkiyə ilə Azərbaycan arasında Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan sıx qardaşlıq əlaqələrinə diqqət çəkib, o cümlədən M.K.Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə bizim kədərimizdir” sözlərini xatırladıb.

Baş konsul Azərbaycanın mədəniyyət paytaxtında liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin xüsusi əhəmiyyətini vurğulayıb. O qeyd edib: “Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq üçün güclü stimul, əlbəttə ki, ölkələrimizin rəhbərlərinin şəxsi dostluq əlaqələri və dərin qarşılıqlı hörmətdir”.

Diplomat bildirib ki, müasir Azərbaycan uğurla inkişaf edən, universal nüfuza malik dövlətdir. “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində respublikanın işğal olunmuş ərazilərini azad edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib”, – deyə baş konsul vurğulayıb.

Diplomat ölkələrimiz arasında 2024-cü ilin sonunadək 8 milyard dollara çatan ticarət dövriyyəsinin intensiv artımına diqqət çəkib: “Əminəm ki, bu, son hədd deyil. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmağı hədəfləyirlər”, – deyə Z.Əliyev bildirib. Baş konsul Bakı və Ankaranın iştirak etdiyi uğurlu təşəbbüs və layihələrdən də danışıb, Orta Dəhlizinin inkişafı və İğdır-Naxçıvan qaz kəmərinin açılışını misal çəkib. O, həmçinin Qars-Naxçıvan dəmir yolu layihəsinə xüsusi diqqət yetirib.

Sonra çıxış edən Qars valisi Ziya Polat Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu vurğulayıb. O deyib: “Azərbaycana qarşı istənilən düşmənçilik addımı Türkiyəyə çağırışdır”.

Əlaqəli Xəbərlər