Slovakiyanın paytaxtı Bratislavada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Slovakiyadakı səfirliyinin və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Respublikasının Milli Şuranın (parlament) sədri Rixard Raşi, Baş nazirinin müavini – ətraf mühit naziri Tomaş Taraba, Slovakiya Respublikası Prezidentinin Ofis rəhbəri Peter Vodraşka, Slovakiya parlamentinin və hökumətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının səlahiyyətli əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, Slovakiya ictimaiyyətinin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Azərbaycanın və Slovakiya dövlət himnləri səsləndirildikdən sonra səfir Vüsal Abdullayev çıxış edərək, 107 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurulduğunu qeyd edərək, Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şanlı yol və qəbul etdiyi mühüm qərarlar barədə məlumat verib.
Azərbaycan diplomatı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, sosial-iqtisadi tərəqqisi və beynəlxalq səviyyədə nüfuzunun artması sahəsində əldə olunmuş nailiyyətlər barədə söz açıb.
Tədbir iştirakçılarının həmçinin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyanın qəbulunun 30-cu ildönümü münasibətilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Eyni zamanda, səfir bu il Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümünün olacağını qeyd edərək, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında danışıb.
Çıxışda Azərbaycanın COP29-a Sədrliyi çərçivəsində əldə olunmuş nailiyyətlərə toxunularaq, COP29-un qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi yaddaşda qalacağı vurğulanıb.
Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso tərəfindən ölkələrimiz arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ilə ikitərəfli münasibətlərin yeni dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib.
Səfir öz nitqini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” müdrik sözləri ilə tamamlayıb.
Tədbirdə fəxri qonaq qismində çıxış edən Slovakiya Respublikası Milli Şurasının (parlament) sədri Rixard Raşi Müstəqillik Günü münasibətilə ölkəmizi təbrik etmiş, Azərbaycan xalqına sülh, rifah və davamlı uğurlar arzulayıb.
O, Avropa İttifaqının və Slovakiyanın vacib tərəfdaşı olan Azərbaycan Respublikasının Avropa və Asiyanın kəsişməsində yerləşməklə enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm rola malik olduğunu vurğulayıb.
Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəm təməlini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso tərəfindən imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin ölkələrimiz arasında energetika, ticarət və innovasiyalar sahələrində əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Slovakiya parlamentinin sədri Slovakiya şirkətinin Qarabağda “ağıllı kənd” layihəsinin həyata keçirməsinin ikitərəfli münasibətlərin uğurlarından bir nümunəsi olduğunu söyləyib.
Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş fotosərgi nümayiş edilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini səciyyələndirən, həmçinin Azərbaycanın xarici siyasətinin əlamətdar hadisələrini əks etdirən fotolar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Sonda ziyafət verilib. Ziyafətdə Azərbaycan istehsalı olan içkilər qonaqlara təqdim olunub, habelə Üzeyir Hacıbəylinin musiqi əsərləri səsləndirilib və Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.