“Azərbaycan-İran münasibətləri təkcə coğrafi qonşuluq müstəvisi üzərində qurulmayıb, iki ölkənin əlaqələri tarixi, mədəni, dini və digər ortaq dəyərlərə söykənir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.
O bildirib ki, əsrlər boyu mehribanlıq və qardaşlıq ruhunda bir arada yaşamış xalqlar bu gün müstəqil dövlətlər kimi regional və beynəlxalq səviyyədə öz maraqlarını birgə müdafiə edirlər: ‘İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlar, imzalanmış sənədlər və aparılmış danışıqlar regionda davamlı sülhün və inkişafın təmin olunması istiqamətində mühüm addımları əks etdirir.
Bu gün Azərbaycan-İran münasibətləri daha dərin strateji əməkdaşlığa çevrilir. İran Prezidentinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfəri, tərəflər arasında yüksək səviyyəli sənədlərin imzalanması iki dövlətin bu əlaqələri daha da inkişaf etdirməkdə qərarlı olduğunu göstərir. Azərbaycan və İran münasibətləri bu gün regionun təhlükəsizliyi, iqtisadi sabitliyi və mədəni harmoniyası baxımından strateji əhəmiyyət kəsb edən bir mərhələyə qədəm qoyub. Aprelin 28-də Bakıda iki ölkənin dövlət başçılarının keçirdiyi görüş bu istiqamətdə həm rəmzi, həm də real nəticələr doğuran əlamətdar hadisə olub. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bu münasibətlərin təkcə diplomatik səviyyədə deyil, həm də geosiyasi, iqtisadi və humanitar müstəvidə dərinləşdiyini göstərir. Siyasi münasibətlərin əsasını qarşılıqlı hörmət, qeyri-müdaxilə prinsipi və suverenliyin tanınması təşkil edir. Dövlətimizin başçısı bəyanatında bildirib: “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır”. Bu fikir Azərbaycanın İrana münasibətində səmimiyyət və ardıcıllığın olduğunu göstərir””.