“Bu cür yolların çəkilməsi bölgələrarası nəqliyyat əlaqələrinin güclənməsinə şərait yaradır”


“Bildiyiniz kimi, cənab İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı–Qəbələ hissəsində görülən işlərlə tanış olub. Bu cür irimiqyaslı infrastruktur layihələri ölkəmizin nəqliyyat sektoruna əhəmiyyətli dərəcədə müsbət təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, ilk növbədə, yolun yenidən qurulması nəqliyyatın təhlükəsizliyini və sürətini artırır. Müasir standartlara uyğun şəkildə tikilən yollar nəqliyyat axınının daha səmərəli təşkilinə, qəza riskinin azalmasına və sürücülər üçün komfortlu hərəkət imkanlarının yaranmasına səbəb olur: “Bundan əlavə, bu cür yolların çəkilməsi bölgələrarası nəqliyyat əlaqələrinin güclənməsinə şərait yaradır. Bakı ilə Qəbələ arasında daha rahat və qısa zamanda hərəkət imkanı həm sərnişin, həm də yük daşımalarının həcmini artırır. Bu isə nəqliyyat-logistika sektorunun inkişafına, yeni marşrutların və daşımaların təşkilinə səbəb ola bilər.

Yol infrastrukturu həm də ictimai nəqliyyatın fəaliyyətinə müsbət təsir göstərir. Yeni yollar sayəsində marşrutlar genişlənir, sərnişinlər üçün daha sürətli və rahat xidmətlər təşkil olunur. Bu da region sakinlərinin gündəlik həyat keyfiyyətini artırır.

Ümumiyyətlə, Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun təkmilləşdirilməsi ölkənin nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir və uzunmüddətli dövrdə həm yerli, həm də beynəlxalq səviyyədə nəqliyyat imkanlarını genişləndirməyə xidmət edəcək”.

Əlaqəli Xəbərlər