“Bu cür oyunların etibarlılığı və qanuniliyi ilə bağlı ciddi suallar yaranır”


“Son zamanlar onlayn pul oyunları — o cümlədən “Aviator”, “Plinko”, “Crash” və bu kimi digər oyunlar bir çox insanın maraq dairəsinə daxil olub. Lakin bu cür oyunların etibarlılığı və qanuniliyi ilə bağlı ciddi suallar yaranır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, bu oyunlar yüksək risk daşıyır. Onların nəticəsi təsadüfi alqoritmlərə əsaslanır və oyunçuların uduzma ehtimalı çox yüksəkdir: “Bəzi platformalar “ədalətli sistem” təqdim etdiklərini bildirsələr də, bu sistemlərin nə dərəcədə şəffaf olması həmişə sual altındadır. Üstəlik, bu platformaların əksəriyyəti ya lisenziyasızdır, ya da xarici ölkələrdə qeydiyyatdan keçmiş və yerli qanunvericiliklə tənzimlənməyən saytlardır. Belə hallarda oyunçu hüquqları qorunmur və uduşunu ala bilmədikdə hüquqi müdafiə imkanları olduqca məhduddur. Bununla yanaşı, onlayn pul oyunları asılılıq yaratma potensialına malikdir. Qrafika, səslər və sürətli nəticələr insan psixologiyasına təsir edir və istifadəçini davamlı oynamaya sövq edir. Bu da həm psixoloji, həm də maliyyə baxımından ciddi fəsadlara yol aça bilər.

Azərbaycan Respublikasında isə bu cür oyunların təşkili və onlarda iştirak qanunla qadağandır. Yalnız müəyyən edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərən idman mərc oyunları (məsələn, “Topaz”) leqal hesab olunur. Qumar oyunlarının təşkili və reklamı isə həm Cinayət Məcəlləsi, həm də İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və bu sahədə qanun pozuntuları ciddi cəzalara səbəb ola bilər.

Nəticə olaraq demək olar ki, onlayn pul oyunlarında iştirak həm maddi, həm də hüquqi baxımdan risklidir. Bu oyunlar insanları asılı vəziyyətə sala, ailə büdcəsinə zərər verə və hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Ona görə də hər kəs bu cür oyunlardan uzaq durmalı və riskləri düzgün qiymətləndirməlidir”.

Əlaqəli Xəbərlər