Aktau şəhərində Müstəqillik Günü qeyd olunub


Qazaxıstanın Aktau şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Qazaxıstan tərəfindən əsas qonaq qismində Manqistau vilayətinin akim müavini Abbat Urisbaev iştirak edib.

Baş konsul Ayxan Süleymanlı çıxış edərək, Şərqdə ilk demokratik və dünyəvi respublikanın 107 il əvvəl məhz Azərbaycanda yaradıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bu illər ərzində böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası nəticəsində ölkəmiz güclü iqtisadiyyata malik, özünü təmin edən dövlətə çevrilib və beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Ayxan Süleymanlı əlavə edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan irimiqyaslı layihələr həyata keçirir, Qərblə Şərq arasında enerji və nəqliyyat dəhlizi rolunu oynayır, mühüm logistik mərkəzə çevrilib.

Baş konsul, həmçinin vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarını azad edib. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən 23 saatlıq antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam bərpa olunub. O, həmçinin postmüharibə dövründəki vəziyyət barədə də məlumat verib.

Daha sonra Ayxan Süleymanlı iki ölkə arasında diplomatik münasibətlərin qurulma tarixindən söz açıb, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərini yada salıb və bu səfərlər çərçivəsində əldə olunan razılaşmalar nəticəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

Manqistau vilayət akiminin müavini Abbat Urisbaev hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb. Azərbaycan ilə Qazaxıstan arasında dərin tarixi əlaqələrin olduğunu vurğulayan A.Urisbaev, ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini və strateji əlaqələrin hər iki ölkə rəhbərliyinin dəstəyi ilə daha da inkişaf etdiyini bildirib.

Bundan əlavə, Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinə toxunan akim müavini qeyd edib ki, əməkdaşlıq bütün istiqamətlər üzrə sürətlə inkişaf edir, səfərlər həyata keçirilir və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək strateji tərəfdaşlığın bariz nümunəsidir.

Ziyafət zamanı Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə filmlər nümayiş etdirilib. Həmçinin kitab sərgisi təşkil olunub və Aktauda yaşayan azərbaycanlı incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Əlaqəli Xəbərlər