Əfv olunan şəxsləri nə gözləyir?


Əfv dövlətin humanistliyini, mərhəmətə və ikinci şansa olan inamını göstərən ali addımdır. Prezidentin imzaladığı əfv sərəncamı təkcə hüquqi sənəd deyil, eyni zamanda azadlığa qovuşan insanların və ailələrinin həyatında yeni bir səhifədir. Bu qərar cəmiyyətin yenidənqurma və bağışlama gücünü nümayiş etdirir. Bəs vətəndaşlarımız bu barədə nələr düşünür? SİA bu mövzuda sakinlər arasında soğu keçirib.

Şəhər sakini Arifə Məmmədova: “Prezidentin əfv sərəncamını yüksək qiymətləndirirəm və bunu olduqca müsbət və humanist addım hesab edirəm. Bu qərar bir daha göstərir ki, Prezident cəmiyyətin ümumi mənafeyini, insan hüquq və azadlıqlarını, habelə humanizm prinsiplərini diqqətdə saxlayır. O, hansı addımın nə zaman atılmalı olduğunu çox yaxşı bilir və bu sərəncam da məhz bu uzaqgörənlik və rəhbər məsuliyyətin təzahürüdür. Əfv olunan şəxslərə yeni həyat şansı verilməsi həm də cəmiyyətin birliyinə, insanlara olan etimada və yenidənqurma ruhuna xidmət edir. Belə qərarlar və addımlar dövlətin ədalət və mərhəmət dəyərlərini balanslı şəkildə qoruduğunu nümayiş etdirir”.

Şəhər sakini Natiq İmanov: “Prezidentimizin əfv sərəncamını yüksək qiymətləndirirəm. Bu humanist qərar bir daha göstərir ki, dövlət başçımız insanlara ikinci şans verməyin nə qədər vacib olduğunu anlayır və bu yöndə cəsarətli addımlar atır.

Unutmayaq ki, hər adamın işi deyil əfv qərarını versin. Bu, böyük məsuliyyət və dərin düşüncə tələb edir. Prezidentimizin bu addımı həm ədalətin, həm də mərhəmətin nümunəsidir. Əfv olunanlara verilən bu fürsət cəmiyyətimizə də müsbət təsir göstərir və birlik ruhunu gücləndirir”.

Şəhər sakini Tural Həsənov: “Biz əfv sərəncamının mahiyyətini və onun dövlət siyasətində tutduğu rolu yaxşı anlayırıq. Əfv qərarı sadəcə hüquqi sənəd deyil, həm də humanist dəyərlərə əsaslanan mühüm bir addımdır. Biz bu prosesin – yəni əfv siyasətinin – necə həyata keçirildiyini, hansı meyarların əsas götürüldüyünü də görmüşük. Bu, müəyyən edilmiş ciddi kriteriyalar əsasında, hərtərəfli araşdırmalardan sonra baş verir. Başqa sözlə desək, biz əfv prosesinin nizamlı və sistemli şəkildə həyata keçirildiyinin şahidiyik.

Bildiyim qədərilə bu dəfəki əfv sərəncamı ilə 218 nəfər azadlığa buraxılıb. Bu, böyük bir rəqəmdir və onlarla ailəyə sevinc, onlarla insana yeni həyat şansı deməkdir. Həmçinin qeyd olunduğu kimi, əfv olunanlar arasında xarici ölkə vətəndaşları da var – məsələn, Fransa vətəndaşının da əfv edildiyi bildirilir. Bu da bir daha göstərir ki, Azərbaycan dövləti insan hüquqlarına və beynəlxalq münasibətlərə də həssas yanaşır.

Siyasi məhbus məsələsinə gəldikdə isə, bu barədə dəqiq məlumatım yoxdur. Amma bildiyim qədərilə, əfv sərəncamı ümumiyyətlə məhkəmə qərarları ilə qüvvəyə minmiş cəzaçəkmə hallarına şamil olunur və siyasi məhbus kateqoriyasına daxil edilən şəxslər bu mexanizmin əhatəsinə düşmür. Bu da əfv prosesinin hüquqi çərçivədə və obyektiv meyarlarla aparıldığını göstərir. Bu baxımdan, əfv sərəncamını həm hüquqi, həm də insani cəhətdən yüksək qiymətləndirirəm və Prezidentimizin bu humanist addımını alqışlayıram”.

Şəhər sakini Toğrul Quliyev: “Çox təşəkkür edirəm! Allah Prezidentimizə can sağlığı, uzun ömür, güc-qüvvət versin. Verdiyi əfv sərəncamı ilə bu həftə yüzlərlə ailəyə sevinc bəxş etdi, gözlərə nur, qəlblərə ümid gətirdi. Bu qədər insanı azadlığa qovuşdurmaq, onlara yeni bir həyat şansı tanımaq hər rəhbərin işi deyil. Mən bu qərara görə ilk təşəkkür edənlərdən biri olmaq istəyirəm. Çünki bu, sadəcə bir imza deyil, mərhəmət, humanizm və uzaqgörənliyin təcəssümüdür.

Prezidentimiz bir daha sübut etdi ki, xalqını düşünür, vətəndaşının taleyinə biganə deyil. Allah onun yolunu açıq eləsin, mübarizəsində yardımçısı olsun, daim qorusun. Biz də xalq olaraq bu dəyərlərin yanında durmalıyıq, bu diqqəti və qayğını qiymətləndirməliyik. Bir daha təşəkkür edirəm, bu sadə bir təşəkkür yox, könüldən gələn bir duadır. Allah yaxşılıqlarını artırsın, ölkəmizə və xalqımıza daim rifah, sabitlik və birlik nəsib eləsin”.

Şəhər sakini Zərifə Qurbanova: “Bu həftə imzalanan əfv sərəncamına görə dərin təşəkkürümü bildirirəm. Bu qərar yüzlərlə insana sevinc, yeni həyat şansı gətirdi. Allah Prezidentə can sağlığı versin, var olsun. Belə humanist addım böyük düşüncə, məsuliyyət və mərhəmət tələb edir. Hər kəs bu cür qərarı verə bilməz”.

Minnətdaram, bu təşəkkürüm sadəcə söz deyil, könüldən gələn bir dualıdır. Allah dövlətimizi və xalqımızı qorusun”.

Şəhər sakini Arifə Həşimova: “İndi baxırsan, hamı deyir “görəsən nə günah edib bu adam?”. Amma bəlkə də o, elə o yolun sahibi deyil. Bəlkə də həmin günaha batmaq məcburiyyətində qalıb. İnsanları dərhal mühakimə etmək düzgün deyil. Onlara dərs keçmək, doğruyu-yanlışı izah etmək lazımdır.

Vaxtında müəllimlər, valideynlər – analar, atalar övladlarına düzgün tərbiyə verməli idilər. Onlara başa salmalı idilər ki, həyat oyun deyil, hər addımın nəticəsi var. Təəssüf ki, indi bir çox valideyn övladını taleyin axarına buraxıb. Nəzarətsiz, qayğısız böyüyən uşaqlar da bəzən səhv yollara düşür. Ona görə də bu uşaqların günahı yox, əksinə, bizim – böyüklərin günahı var. Əgər biz onları vaxtında düzgün istiqamətləndirməmişiksə, indi baş verənlərə görə məsuliyyət daşıyırıq.

İndi həmin insanlar həbsdədir. Cəza çəkirlər. Amma bəlkə də onların günahı bizim susmağımızda, diqqətsizliyimizdədir. Onları biz tək buraxmışıq. İndi isə mühakimə etmək əvəzinə, onlara sahib çıxmaq, onlara dəstək olmaq lazımdır. Bəlkə də bir gün bu insanlar öz həyatlarını düzəldəcək, cəmiyyət üçün faydalı bir şəxsə çevriləcəklər. Hər kəsə bir şans verilməlidir. Onları ümidlə, anlayışla, mərhəmətlə qarşılamalıyıq. Bəlkə də biz onlara inansaq, onlar da özlərinə inanmağa başlayacaqlar”.

Şəhər sakini İsa Quliyev: “Bu gün burada bir daha şahidi oluruq ki, insanlara ikinci şans vermək nə qədər dəyərli və vacibdir. Əfv sərəncamı ilə azadlığa çıxan insanlar üçün bu, yeni bir başlanğıcdır. Hər kəs səhv edə bilər, lakin əsl məsələ onlara doğru yolu göstərmək, dəstək olmaqdır.

Bu qərar təkcə azad edilən şəxslər üçün deyil, onların ailələri üçün də böyük sevincdir. Bu həm də cəmiyyətin bağışlama və mərhəmət prinsiplərinə əsaslandığını göstərir. Biz inanırıq ki, bu insanlar yeni həyatlarına daha məsuliyyətli və düzgün addımlarla davam edəcəklər. Prezidentimizin atdığı bu humanist addımı yüksək qiymətləndiririk. Belə qərarlar cəmiyyətimizdə həm ədalətin, həm də insani dəyərlərin yaşadığını sübut edir”.

Əlaqəli Xəbərlər