Genişmiqyaslı əməliyyat nəticəsində üç nəfər saxlanılıb


Almaniyanın doqquz əyalətində qanunsuz miqrasiya ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, ümumilikdə 38 ünvanda aparılan axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı olan üç nəfər əsas şübhəli qismində saxlanılıb. Onlar Çin vətəndaşlarını yüksək məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla ölkəyə gətirməkdə ittiham olunurlar. Həmin şəxslərin saxta əmək müqavilələri əsasında Çin vətəndaşlarına Avropa İttifaqının “Mavi kartı”nı əldə etməyə imkan yaratdıqları və bunun müqabilində hər miqrantdan 230 min avroyadək pul tələb etdikləri bildirilir.

Ümumilikdə 750-yə yaxın polis əməkdaşının cəlb olunduğu əməliyyatlar zamanı 5 milyon avrodan çox vəsait və digər maddi sübutlar götürülüb.

Federal polis saxlanılan şəxslərin dindirilməsi zamanı beynəlxalq miqrasiya şəbəkələrinin fəaliyyəti barədə də əlavə məlumatların əldə olunduğunu bildirib.

Əlaqəli Xəbərlər