Nazirlər Kabineti “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna uyğun hazırlanıb. Alkoqollu içkilər dedikdə pərakəndə satış ticarət obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) nəzərdə tutulur.
Məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir.
Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən bu Qaydaya əlavə olunmuş “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” doldurularaq 15 iş günü müddətində Nazirliyə təqdim olunur.
Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi
pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir.
Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 ay müddətində
təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.
Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi halda bu Qaydanın 2.2-ci bəndində göstərilən istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun
pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.
Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə
etmək haqqında” qanunun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 gün əvvəl verilir.
“Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 24 may 2024-cü il tarixli qanunun tələblərinə uyğun olaraq bu Qaydanın 2.2-ci bəndində qeyd edilən tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.