“Cumhuriyyət dövründə bir çox nailiyyətlər əldə olundu”


“Şübhəsiz ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa da hər bir azərbaycanlı müstəqil dövlət quruculuğu tarixi ilə qürur duyur: “Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Bununla da müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan parlamenti birinci mərhələdə – 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət göstərmişdir. 44 nəfər müsəlman-türk nümayəndədən ibarət Milli Şura qısa zamanda 10 iclasını keçirmiş, bir sıra mühüm tarixi qərarlar qəbul etmiş, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürmüşdür. Azərbaycan Milli Şurası iyunun 17-də fəaliyyətini müvəqqəti dayandırmaqla, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti hökumətə vermişdir. 1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ağır beynəlxalq və daxili şəraitdə, faktiki olaraq soyqırım taleyi yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini üzərinə götürmüşdür. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmuş, iyunun 26-da isə müsəlman hərbi korpusu ayrıca Azərbaycan korpusuna çevrilmişdir. Diviziya komandiri səlahiyyətlərinə malik Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başlamış, beləliklə, Azərbaycan silahlı qüvvələrinin əsası qoyulmuşdur.

Ümumiyyətlə, peşəkar parlamentin təşkili ilə Xalq Cümhuriyyətinin parlamentarizm tarixində ikinci mərhələ açılmış, 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək davam etmişdir. Bu dövrdə parlamentin 11 daimi komissiyası fəaliyyət göstərmiş, 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdur.

Yuxarıda da qeyd etdiyim kimi cəmi 23 ay mövcud olmasına baxmayaraq Cumhuriyyət dövründə bir çox nailiyyətlər əldə olundu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

Çox təəssüf ki, müstəqilliyini elan etmiş Azərbaycan xalqı bir sıra səbəblərə görə azadlığın şirinliyini uzun müddət dada bilməmişdir. Milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur.

Lakin bütün bunlara baxmayaraq 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşamalı olan Azərbaycan xalqının qəlbində hər zaman bir müstəqil dövlətçilik idealı olub. Və məhz bu ideal keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına və respublikamızın müstəqillik qazanmasına imkan vermişdir.

Nəticədə 1991-ci ildə Azərbaycan, Xalq Cumhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini elan etdi və müstəqilliyimizin əbədir, dönməz və sarsılmaz olduğunu bütün dünaya sübut etdi”.

Əlaqəli Xəbərlər