ELNARƏ AKİMOVA
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru
Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. Qeyd edək ki, Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulmuşdur. Bu münasibətdən sonra iki ölkə arasında rəsmi səfərlər və nümayəndə heyətlərinin mübadiləsi intensivləşdi. Macarıstan 2009-cu ildə Bakıda, Azərbaycan isə 2014-cü ildə Budapeştdə səfirlik açdı. O vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq tədricən inkişaf etmiş və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli səfərlər münasibətlərin inkişafına təkan verdi. Prezident İlham Əliyevin Macarıstana bir neçə dəfə etdiyi rəsmi səfərlər və Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri zamanı bir sıra mühüm sənədlər imzalandı. 2014-cü ildə Budapeştdə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin yeni mərhələyə keçidini təsdiqlədi.
Hazırda Azərbaycan ilə Macarıstan arasında ticarət və sərmayə əlaqələri genişlənməkdədir. Enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və tikinti sahələri əməkdaşlığın əsas istiqamətlərindəndir. Macarıstan şirkətləri Azərbaycanın bərpa olunan enerji və infrastruktur layihələrində iştirak edirlər.
Azərbaycan və Macarıstan arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq uğurla inkişaf etməkdədir. Macarıstanda azərbaycanlı tələbələr təhsil alır, Azərbaycan isə macar tələbələr üçün təqaüd proqramları təqdim edir. Budapeştdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması da bu sahədə əlaqələrin gücləndirilməsinə xidmət edir.
Bundan başqa Azərbaycanın Avropaya enerji resurslarının nəqli məsələsində oynadığı mühüm rol Macarıstan tərəfindən yüksək qiymətləndirilir. Macarıstan Azərbaycanın “yaşıl enerji” təşəbbüslərinə dəstək verir və bu sahədə əməkdaşlıq perspektivləri genişdir.
2025-ci il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstan Respublikasına rəsmi səfəri zamanı Baş nazir cənab Viktor Orbanla baş tutan yüksək səviyyəli görüşü bu münasibətin daha dərinləşməsinə, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açdı. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bəyanatla çıxış edərək Azərbaycan-Macarıstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu vurğuladı. Bildirdi ki, bu əməkdaşlıq enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi qeyd etdi, Macarıstan ilə enerji sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini vurğuladı. Ölkə başçısı həmçinin qarşılıqlı sərmayə layihələrinin təşviqi, ticarət dövriyyəsinin artırılması və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti Macarıstanın Azərbaycanın ərazi bütövlüyünə daim göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd etdi və bu dəstəyin iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından biri olduğunu vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı həmçinin iki ölkənin maraqlarının, mövqelərininin bir-birinə yaxınlığından bəhs etdi. Hər iki xalqın öz köklərinə bağlı olması, əhalisinin və ərazisinin yaxınlığı, açıq dənizlərə çıxışın olmaması və s . kimi məqamlarda olan yaxınlığı qarşılıqlı anlaşma üçün də gözəl zəmin hesab edən ölkə başçısı eyni çağırış və reallıqlarla üz- üzə qaldığımızı da xüsusi vurğuladı. Bu yaxınlıq hər şeydən əvvəl Macarıstanın da müstəqil siyasət aparan nadir ölkələrdən biri olmasına əsaslanır. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir”. İkinci Qarabağ müharibəsinin BMT-nin Nizamnaməsi əsasında aparıldığını, Ermənistanın 30 illik işğalına son qoyaraq haqq savaşımızda qalib olduğumuzu, Azərbaycan əsgərinin rəşadətini önə çəkən Prezident sülh müqaviləsinin şərtləri, məsələyə Ermənistan tərəfinin münasibətini də nəzərə çatdırdı: “Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
Mətbuata bəyanatı zamanı Prezident İlham Əliyev iki ölkə arasındakı energetika sahəsində uğurlu əməkdaşlığa nəzər saldı. Bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlindən Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlayacağını bildirən ölkə başçısı nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl yerlərdə olduğunu qeyd etdi.
Əlbəttə ki, Azərbaycan-Macarıstan münasibətləri bütün digər məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərəcək. Bunu imzalanan sazişlər, qurulan dostluq körpüləri, perspektiv planlar da sübut edir. Məlumdur ki, ötən il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilmişdir. Bu il həmin ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi bu dövlətin öz tarixi köklərinə bağlılığının, qarşılıqlı münasibətlərə böyük önəm verməsinin və doğrudan da, müstəqil siyasət aparmasının bariz sübutudur.