“Rusiya Federasiyasında kiçik biznes sektorunu tənzimləyən qurumun nümayəndəsi olaraq, Rusiya kiçik sahibkarlıq subyektlərinin maraqlarını təmsil edirəm. Biz müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların bacarıqlarının inkişafı istiqamətində aktiv fəaliyyət göstəririk. Bu fəaliyyətlərə güzəştli kreditlərin təqdim olunması, zəmanət mexanizmlərinin yaradılması, maarifləndirmə tədbirləri və sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması daxildir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Rəqəmsal və Qlobal Dəyər Zəncirləri üzrə Beynəlxalq Əməkdaşlıq üzrə Layihə Qrupunun Rəhbəri (Rusiya Kiçik və Orta Biznes Korporasiyası ASC) Pavel Kondraşov deyib.
Onun sözlərinə görə, sahibkarların Rusiya daxilində yeni bazarlara çıxışı təmin olunur ki, bu da onların qarşılaşdıqları biznes problemlərinin həllinə töhfə verir. Bu məqsədlə, biz hədəf yönümlü dəstək tədbirlərini həyata keçirmək üçün imkanlarımızı daha da gücləndirməyə çalışırıq.
Rəqəmsallaşma sahəsinə gəldikdə isə qeyd etmək istərdim ki, 2022-ci ildə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi ilə birgə icmalar üçün xüsusi rəqəmsal infrastruktur layihəsini istifadəyə verdik. Bu rəqəmsal platforma rusiyalı sahibkarlara öz bizneslərini qurmaq və inkişaf etdirmək üçün geniş imkanlar təqdim edir”- deyə, o əlavə edib.