Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığı və hemodializ müalicəsinə ehtiyacı olan vətəndaşların dərman təminatının davamlılığı diqqətdə saxlanılır.
SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində dializ xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları bu gün təhvil alınaraq müvafiq səhiyyə müəssisələrinə paylanmağa başlanılıb. Dərman preparatları ehtiyac olan bölmələrə yönləndiriləcək və müalicə prosesinin fasiləsiz davam etməsinə şərait yaradılacaq.
Qeyd edək ki, hazırda hemodializ müalicəsi muxtar respublikanın müxtəlif səhiyyə müəssisələrində həyata keçirilir. Bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış yeni Hemodializ Mərkəzində zəruri texniki avadanlıqlar – dializ aparatları, su təmizləmə sistemləri və digər müasir tibbi infrastruktur tam şəkildə təmin edilib və yaxın zamanda fəaliyyətə başlayacaq.