Kamran Əliyev üç ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib


Azərbaycanın Baş prokuroru Kamran Əliyev mayın 20-də bir sıra ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüşlərdə Çexiya Təhlükəsizlik Qüvvələri Baş Müfəttişliyinin direktoru Vit Hendrix, Nepalın Səlahiyyətlərin Sui-istifadəsinin Araşdırılması üzrə Komissiyasının komissarı Hari Paudel və Liviya Dövlətinin İnzibati Nəzarət Orqanının sədri Abdulla Qadirbohun iştirak ediblər.

Baş prokuror keçirilən görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatların mahiyyəti barədə ətraflı məlumat verib, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının institusional fəaliyyəti, tətbiq edilən innovativ idarəetmə mexanizmləri və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə danışıb. O həmçinin GlobE Şəbəkəsinin transmilli korrupsiya ilə mübarizədə mühüm beynəlxalq platforma olduğunu vurğulayaraq Azərbaycanın bu əməkdaşlıq çərçivəsində daha fəal iştiraka maraqlı olduğunu bildirib.

Qonaqlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, xüsusilə hüquqi islahatların ardıcıllığı və prokurorluq orqanlarının fəaliyyətində müşahidə edilən inkişaf dinamikasını müsbət nümunə kimi dəyərləndiriblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin inkişafı və gələcək əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli danışıqlar, həmçinin regional və beynəlxalq səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi, o cümlədən qlobal antikorrupsiya səylərində birgə iştirakla bağlı məsələlərin müzakirəsi ilə müşayiət olunub. Nümayəndə heyətləri Azərbaycan Prokurorluğunun şəffaflıq, etik davranış və hesabatlılıq prinsiplərinin təşviqi sahəsində qazandığı nailiyyətlərə xüsusi maraq göstərərək, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

Əlaqəli Xəbərlər