“Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir”


“Avropa ümumilikdə geniş bir regiondur və burada Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi ölkələrlə münasibətləri müsbət dinamikaya malikdir, eyni zamanda münasibətlərin zəif olduğu ölkələr də mövcuddur. Avropa Siyasi Birliyi 2022-ci ildən etibarən, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra, Fransanın təşəbbüsü ilə Avropa regionunda siyasi dialoqun genişləndirilməsi məqsədilə yaradılmışdır. Bu çərçivədə indiyədək altı dövlətlərarası sammit keçirilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sammitlərin dördündə iştirak etmiş, yalnız iki humanitar məzmunlu görüşdə iştirak etməmişdir. Azərbaycan Kanada və Budapeştdə keçirilmiş sammitlərdə iştirak etməmişdir. Lakin sonrakı mərhələdə Oksford və Tiranada keçirilən tədbirlərdə iştirak etmişdir. Ümumilikdə Azərbaycanla Avropa ölkələri arasındakı münasibətlərə nəzər saldıqda, Avropanın əksər dövlətləri ilə əlaqələrin müsbət olduğu müşahidə olunur.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdən biridir. Bu sahədə əməkdaşlıq gündən-günə inkişaf edir. Azərbaycan artıq Avropaya öz enerji resurslarını ixrac edən və həmçinin tranzit ölkə kimi çıxış edən əsas tərəfdaşlardan birinə çevrilmişdir. Bununla yanaşı, digər ölkələrin enerji resurslarının nəqli prosesində iştirak edən dövlət kimi də önəmli rol oynayır. Eyni zamanda Azərbaycan bərpa olunan və alternativ enerji sahəsində də təşəbbüslər irəli sürmüş və bu istiqamətdə konkret layihələrin icrasına start vermişdir”.

Siyasətçi həmçinin qeyd edir ki, Azərbaycan ilə Avropa arasında münasibətlər daim inkişaf etməkdədir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı tərəflər arasında təbii qaz ixracının iki dəfə artırılması məsələsi gündəmə gətirilmişdir. Həmin dövrdə Xəzər dənizində mövcud yataqlardan qaz hasil edilərək Avropaya nəql olunması müzakirə mövzusu olmuşdur. Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişelin Azərbaycana səfəri də ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynamışdır. Bu səfərlər çərçivəsində Azərbaycanın Avropa ölkələri, xüsusilə də xristian mədəniyyətinə mənsub dövlətlərlə əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzində olmuşdur.

Bəzi dövlətlərin bu münasibətlərin inkişafına mane olmağa yönəlmiş cəhdlərinə baxmayaraq, ümumilikdə Azərbaycan ilə Avropa arasında müsbət inkişaf dinamikası müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Avropa İttifaqı ölkələrinin təxminən üçdə biri ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri qurmuşdur. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionda strateji təşəbbüslər irəli sürmək və onları reallaşdırmaq potensialına malik, Avropa üçün etibarlı və perspektivli tərəfdaş rolunu oynayan bir dövlətdir”.

Bununla yanaşı o bildirir ki, 6-cı Zirvə Toplantısında Azərbaycan Prezidentinin iştirakı, eləcə də keçirilmiş ikitərəfli görüşlər və həmin görüşlərdə müzakirə olunan məsələlər, Azərbaycan ilə Avropa arasında münasibətlərin inkişafında qarşılıqlı marağın mövcud olduğunu bir daha nümayiş etdirdi: “Təbii ki, bəzi hallarda qarşı tərəfin davranışında qeyri-obyektiv yanaşmalar müşahidə oluna bilər. Lakin Azərbaycan belə hallara da prinsipial mövqe ilə cavab verməyi bacarır. Bununla yanaşı, münasibətləri yalnız bu cür hallara əsasən qiymətləndirmək və bütün yanaşmaları bu təcrübəyə bağlamaq doğru olmazdı. Azərbaycan bu məsələdə öz mövqeyini dəfələrlə bəyan etmişdir.

Bundan sonra da Azərbaycanın Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətləri, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığı davam edəcəkdir. Əgər bu əməkdaşlıq Azərbaycanın maraqlarına və regionda həyata keçirdiyi siyasətə zidd deyilsə, bu münasibətlərin inkişafı qarşılıqlı faydaya əsaslanacaqdır. Nəticə etibarilə, bu əməkdaşlıq həm Azərbaycan, həm də Avropa üçün qarşılıqlı maraqların təmin olunmasına xidmət edən, strateji əhəmiyyət kəsb edən bir istiqamət olaraq qalacaqdır”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər