“Bu, həm Prezidentin, həm də ümumilikdə dövlətin humanist dəyərlərə sadiqliyinin bariz göstəricisidir. Belə ki, mənim 25 illik fəaliyyətim dövründə on minlərlə məhkum əfv sərəncamları əsasında azadlığa buraxılmışdır. Bu şəxslərin bir çoxuna ya cəzanın müəyyən hissəsi — yarısı, üçdə biri və ya üçdə ikisi — bağışlanmış, ya da cəza tamamilə ləğv olunmuşdur. Bu praktika dövlətin cinayətkarların islahına və onların cəmiyyətə reinteqrasiyasına yönəlmiş humanist siyasətinin mühüm təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan xalq yazıçısı, 1995-2020-ci illərdə Əfv Komissiyasının üzvü olmuş Elmira Axundova deyib.
Onun sözlərinə görə, bizdən tez-tez soruşurlar ki, bu qədər şəxsin islah əmək müəssisələrindən, penitensiar sistemdən azad olunması cinayətkarlığın artmasına səbəb ola bilərmi? Mən hər zaman cavab verirdim ki, rəsmi statistika bunun əksini göstərir: “Həqiqətən də, əlimizdə çox maraqlı statistik göstəricilər mövcud idi. Yəqin ki, indi də vəziyyət dəyişməyib. Mən əvvəllər Əfv Komissiyasının üzvü kimi, 25 il bu sahədə fəaliyyət göstərmiş biri olaraq düşünürəm ki, həmin tendensiya bu gün də qüvvədədir.
Belə ki, əfv sərəncamları ilə azadlığa buraxılan şəxslərin əksəriyyəti təkrar cinayət törədərək islah müəssisələrinə geri qayıtmırlar. Bu isə çox maraqlı və önəmli statistik faktdır. Onlar əsasən qatı cinayətkarlar kateqoriyasına aid edilmirlər. Qatı cinayət törətmiş, bir neçə dəfə məhkum olunmuş şəxslər isə, adətən, əfv aktlarına daxil edilmir və bu meyarlar çox ciddi şəkildə nəzərə alınır”.
Həmçinin E. Axundova bildirir ki, Əfv Komissiyası birbaşa əfv qərarı vermir, lakin müvafiq şəxslər barədə təkliflər hazırlayaraq təqdim edir: “Şübhəsiz ki, son qərar cənab Prezident tərəfindən qəbul edilir və sərəncam imzalanır. Komissiyanın əsas vəzifəsi isə hüquqi və mənəvi meyarlara uyğun olaraq namizədlərin siyahısını tərtib etməkdir. Təcrübə göstərir ki, iki və ya daha artıq dəfə ağır cinayət törətmiş şəxslər, ümumiyyətlə, əfv siyahılarına daxil edilmir. Əfvlə bağlı müraciətlərin qiymətləndirilməsində bir neçə əsas meyar mövcuddur.
Birincisi, məhkum şəxs özü yazılı ərizə ilə müraciət etməlidir. Bu ərizədə o, törətdiyi əmələ görə peşmanlığını ifadə etməli və islah yoluna qədəm qoyduğunu bildirməlidir. İkincisi, həmin şəxsin islah əmək müəssisəsindəki davranışını əks etdirən rəy – yəni xasiyyətnamə təqdim edilməlidir. Burada məhkumun cəza müddəti ərzində intizam qaydalarına əməl edib-etmədiyi, təkrar hüquqpozmaların olub-olmadığı və ümumi davranış göstəriciləri əks olunur. Üçüncüsü, əgər cinayət ehtiyatsızlıq nəticəsində – məsələn, yol-nəqliyyat hadisəsində ölümə səbəb olmuşsa – bu zaman zərərçəkmiş şəxsin yaxınlarının bağışlama ərizəsi xüsusi əhəmiyyət kəsb edir. Əgər mərhumun valideynləri, övladları və ya digər yaxınları yazılı şəkildə bağışladıqlarını bildirirlərsə, həmin hal Komissiya tərəfindən ciddi şəkildə nəzərə alınır”.
Eyni zamanda yazıçı qeyd edir ki, islah əmək müəssisələrindən əfv sərəncamı ilə azad edilən şəxslərin əksəriyyəti qatı cinayətkar deyillər: “Onlar islah yoluna qədəm qoymuş, davranışları ilə dəyişiklik nümayiş etdirmiş insanlardır və təcrübə göstərir ki, bu şəxslər çox nadir hallarda təkrar cinayət törədirlər. Məhz bu səbəbdən əfv sərəncamları humanist məzmun daşıyan mühüm hüquqi aktlar kimi qiymətləndirilir.
İnsan səhv edə bilər, bəzi hallarda cinayətlər ehtiyatsızlıq və ya psixoloji gərginlik şəraitində baş verə bilər. Belə hallarda şəxsin törətdiyi əmələ görə səmimi peşmanlıq ifadə etməsi və islah olunması nəzərə alınaraq, onun əfv olunması mümkündür.
Qeyd etmək lazımdır ki, əfv fərdi hüquqi aktdır və amnistiyadan fərqli olaraq hər bir şəxs üzrə ayrıca qərar verilir. Lakin Azərbaycanda bu fərdi hüquqi institut zamanla mühüm tarixi və milli günlərlə bağlı bir ənənə formasını almışdır. Xüsusilə, ümummilli lider Heydər Əliyevin yubileyləri və digər əlamətdar bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanması artıq mütəmadi xarakter daşıyır.
Bu praktika həm dövlətin vətəndaşlara qayğısının, həm də ailələrin sosial rifahına verdiyi önəmin göstəricisidir. Ümid edirik ki, yaxın zamanda yeni əfv sərəncamı imzalanacaq və bir sıra islah olunmuş şəxslər azadlığa qovuşaraq ailələrinə geri dönəcəklər”- deyə o əlavə edib.
Həmçinin mövzu ilə bağlı Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdə fikirlərini bildirib. Onun sözlərinə görə, qarşıdan gələn 28 may respublika günü ilə əlaqədar olaraq Prezident tərəfindən əfv sərəncamı imzalanması ehtimal edilir.