“Avropa Siyasi Birliyinin Albaniyada keçirilən 6-cı zirvə toplantısı mühüm bir mərhələni təmsil edir. Üzv dövlətlər bir yerə toplanaraq ortaq maraqları, ortaq çağırışları müzakirə etdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, burada əsasən təhlükəsizlik maraqları, enerji təchizatı və enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı çağırışlar, iqtisadi əməkdaşlıq və iqtisadi maraqlar sahəsində məsələlər müzakirə olundu. Azərbaycanın bu tədbirə dəvət olunması olduqca mühüm əhəmiyyət daşıyır və bu, sadəcə protokol xarakterli deyil.
Bu gün dəyişən dünya düzənində, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda, Avropaya gedən iqtisadi, ticari və nəqliyyat yolları demək olar ki, iflic vəziyyətinə düşüb. Enerji təhlükəsizliyi sual altındadır. Ümumilikdə isə Avropanın təhlükəsizlik məsələsi ciddi şəkildə gündəmdədir”.
Politoloq qeyd edir ki, belə bir şəraitdə Azərbaycanın regional səviyyədə artan nüfuzu fonunda tədbirə dəvət olunması olduqca əhəmiyyətlidir: “Çünki bu gün Azərbaycan 10 Avropa ölkəsinə – onlardan 8-i Avropa İttifaqının üzvüdür – enerji təhlükəsizliyi sahəsində böyük töhfə verir.
Azərbaycan təhlükəsiz nəqliyyat və kommunikasiya xətləri baxımından Şərqlə Qərb arasında mühüm keçid rolunu oynayır. Həmçinin Avropanın iqtisadi maraqları, eləcə də Çin və Orta Asiya ilə bağlı maraqları baxımından da ölkəmiz önəmli töhfələr verir. Bundan əlavə, iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın dünyaya verdiyi töhfələr də nəzərəçarpacaqdır. COP29-un Azərbaycanda keçirilməsi və həmin tədbirdə qəbul olunmuş qərarlar iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın mühüm rolunu göstərir” – deyə o əlavə edib.