“Məlumdur ki, elektron nəqliyyat vasitələrinin özünəməxsus xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər onları iqtisadi baxımdan daha sərfəli və müştərilər üçün cəlbedici edir. Elektron nəqliyyat vasitələrinin əsas üstünlüklərindən biri onların yanacaq sərfiyyatını minimuma endirməsi və ətraf mühitə daha az zərər vurmasıdır. Bu baxımdan onlar ekoloji cəhətdən davamlı nəqliyyat forması kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, lakin, bu texnologiyanın bəzi çatışmazlıqları da mövcuddur: “Xüsusilə, batareyaların istehsalı və utilizasiyası ilə bağlı ekoloji problemlər, eləcə də bu vasitələrin texniki xidmətinin məhdud olması bəzi çətinliklər yaradır. Ehtiyat hissələrinin asanlıqla əldə olunmaması, təmir mərkəzlərinin geniş yayılmaması və texniki mütəxəssislərin çatışmazlığı istifadəçilər üçün narahatlıq doğura bilər.
Buna görə də elektron nəqliyyat vasitələrinin yayılması və tətbiqi zamanı həm üstünlükləri, həm də potensial problemləri nəzərə almaq vacibdir. Gələcəkdə bu texnologiyaların inkişafı ilə bağlı qərarlar qəbul edilərkən, texnoloji, iqtisadi və ekoloji amillər birgə qiymətləndirilməlidir. Əks halda, bu vasitələrin geniş istifadəsi müəyyən sosial və texniki problemlərlə müşayiət oluna bilər”.
Eyni zamanda məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekpert Eldəniz Cəfərov qeyd edir ki, elektromobillər əsasən ətraf mühitə az təsir göstərən, ekoloji baxımdan üstün nəqliyyat vasitələri hesab olunur: “Onların ən mühüm xüsusiyyətlərindən biri karbon dioksid kimi zərərli qazların atmosferə buraxılmasının qarşısını almaqla ətraf mühitin mühafizəsinə töhfə vermələridir. Eyni zamanda, elektromobillər enerji baxımından daha səmərəlidir. Yanacaq sərfiyyatının yüksək olduğu ərazilərdə elektromobillər elektrik enerjisi ilə təmin olunmaqla daha qənaətcil alternativ yaradır.
Bu nəqliyyat vasitələrinin şəhər mühitində səssiz işləməsi isə səs-küy çirkliliyinin azalmasına səbəb olur. Bu xüsusiyyət şəhər ekologiyası və insanların psixoloji rahatlığı baxımından müsbət nəticələr doğurur.
Lakin elektromobillərin geniş yayılması ilə bağlı müəyyən problemlər də mövcuddur. Xüsusilə, istifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası məsələsi yaxın gələcəkdə aktuallaşacaq. Buna görə də ölkəyə idxal olunan elektromobillərlə bağlı müəyyən tələblərin müəyyənləşdirilməsi vacibdir. Belə ki, rəsmi nümayəndəliyi, servis mərkəzi, diler və ya distribütoru olmayan elektromobil markalarının idxalına məhdudiyyətlər qoyulması məqsədəuyğun olardı. Bu, gələcəkdə texniki xidmət və utilizasiya məsələlərinin daha effektiv həllinə şərait yarada bilər.
Elektromobillər texnoloji baxımdan tamamilə yeni bir nəqliyyat növü olmasa da, avtomobil sənayesinin inkişafında mühüm mərhələ sayılır. Bu gün nəqliyyat sektorunda elektromobillərin sayının artması müşahidə olunur. Azərbaycanda hələ ki bu vasitələr geniş yayılmasa da, onlara olan maraq nəzərəçarpacaq dərəcədə artmaqdadır” – deyə o əlavə edib.