Rumıniyada prezident seçkilərinin ikinci turu üçün bütün məntəqələrdə seçki məntəqələri açılıb, bazar günü ölkə sakinləri növbəti beş il üçün dövlət başçısını seçəcəklər. SİA xəbər verir ki, birinci tur mayın 4-də baş tutub və səslərin əksəriyyətini “Rumınların Birləşməsi Uğrunda Alyans” (AUR) millətçi partiyasının lideri Corc Simion 41 %, Buxarestin meri Nikuzor Dan isə 21 % toplayıb.
Saat 7:00-da (Bakı vaxtı ilə 08:00 – red.) Rumıniyada 19 minə yaxın seçki məntəqəsi işə başlayıb. Xaricdə yaşayan Rumıniya vətəndaşları üç gün ardıcıl səs verirlər. Onlar üçün mayın 16-da seçki məntəqələri açılıb.
Rumıniya qanunlarına görə, prezident seçkilərinin qalibi siyahılara daxil edilmiş seçicilərin yarıdan çoxunun səsini toplayan namizəddir. Seçki məntəqələri saat 21:00-da bağlanacaq.