“Ciyəri parçalanmış, gözü çıxarılmış, ölümünə döyülmüş…” – bu cümlələr bir romanın qorxu səhnəsindən yox, 11-ci sinif şagirdi Elgün İbrahimovun çəkdiyi ağrının şəkilsiz təsviridir. Bir zamanlar məktəb yolunda addımlayan bu yeniyetmə indi cəmiyyətin üz qarası olan bir zorakılıq hadisəsinin mərkəzinə çevrilib. İndi bütün sosial media, hər bir evin içi, məktəblərin dəhlizləri eyni sualı fısıldayır: “Bu uşaqları bu qədər qəddar edən nədir?”
Uşaq təkcə ana bətnində doğulmur, mühit içində də doğulur, böyüyür, formalaşır. Amma bu mühitdə sevgi yoxdursa, ünsiyyət yoxdursa, uşaq orada sağ qalır, amma böyümür. Valideyn “paltarını geyindin?”, “dərsini oxudun?”, “qiymətlərin neçə oldu?” deyə soruşur, amma “sən bu gün özünü necə hiss etdin?” deyə soruşmur. Bu da uşaqda susmağa, duyğularını basdırmağa və nəticədə içindəki təzyiqin aqressiya şəklində yığılmasına səbəb olur. Freud demişdi: “Bastırılan duyğular bir gün qayıdar. Ya xəstəlik, ya da zorakılıq kimi.”
Məktəb tərbiyə yeridir deyirlər. Amma bu tərbiyə çox vaxt dərs proqramları ilə kifayətlənməməlidir. Müəllimlər uşaqda hansı yarımçıq duyğuların olduğunu görməli, şagirdlərin psixoloji ehtiyacları diqqətdən kənarda qalmamalıdır. Onu döyən uşaqlar bəlkə də bir vaxtlar özləri döyülmüşdü – ya evdə, ya məktəbdə, ya da həyatın özündə. Uşaqlar sevgini görmədiyi yerdə gücü təqlid edir. Əgər güc zorakı şəkildə nümunə kimi təqdim olunursa, uşaq sevgi ilə deyil, qorxu ilə mövqe qazanmağa çalışır.
Zorakılıq indi sadəcə hadisə deyil, kontentdir. Sosial media ekranında “challenge” adı ilə çəkilən döyüş videoları, təhqir dolu “reels”lər, agresiyanı güc sayan “fenomenlər” – bunlar hamısı gənclərin beynində yeni bir normal yaradır: “Döy, paylaş, məşhur ol.” Albert Bandura-nın sosial öyrənmə nəzəriyyəsinə görə insanlar davranışı başqalarını müşahidə edərək öyrənir. Yəni, sosial mediada zorakılıq trenddirsə, bu, davranışa çevrilir. Aqressiya artıq qadağan olunmuş bir şey deyil tamaşa vasitəsidir.
Biz tərbiyəni hələ də “yaxşı oxu, pis söz demə, böyüyə hörmət et” kimi formullar üzərindən veririk. Amma tərbiyə emosional təhlükəsizlik, dinlənmək, duyğulara dəyər verilmək üzərində qurulmalıdır. Əgər uşaq evdə hər dəfə susdurulursa, hissləri bastırılırsa, zamanla o uşaq ya tamam qapanır, ya da içindəki duyğuları zorla çölə çıxarır. Psixoloq Bowlby-nin bağlanma nəzəriyyəsinə görə, uşağın erkən yaşda valideynlə qurduğu münasibət onun sonrakı bütün münasibətlərinə təsir edir. Etibarsız bağlanma yaşayan uşaq sonradan özünü qorumaq üçün ya döyür, ya da döyülür.
Günah kimdədir? Valideyn, cəmiyyət, yoxsa biz hamımızda?
Bu sualın tək bir cavabı yoxdur. Valideyn öz övladına yetə bilmirsə, cəmiyyət uşaq psixologiyasını tanımırsa, məktəb ruhları deyil, sadəcə bədənləri qiymətləndirirsə, o zaman günah da bölüşdürülməlidir. Uşaq doğularkən içində mərhəmət daşıyır. Onu canavara çevirən mühitdir. Elgün İbrahimov adı bu gün bir hadisədir, sabah bəlkə də unutulacaq. Amma onu döyən, gözü çıxaran, canına qıyan düşüncə hər gün yenidən doğulur. Əgər bu düşüncə dəyişməzsə, biz hər dəfə fərqli adlar altında eyni ağrını yenidən yaşayacağıq.
Bu gəncləri bu qədər qəzəbli edən genetik yox, sosial travmadır. Və bu travma o qədər dərindir ki, bir yumruqla yox, bir ölümlə yox, bütün bir nəsillə danışır. Əgər biz bu səssiz üsyanı eşitməsək, bu uşaqlar bizə bir gün qışqıra-qışqıra cavab verəcək. Artıq vaxtdır… Gözümüzü açaq. Ağrının yaşa baxmadığını anlayıb, aqressiyanın kökünü eşitməyə, anlamağa və sağaltmağa başlayaq.
Nigar Şahverdiyeva